ABŞ Konqresinə aralıq seçkilərə beş həftə qalmış Quinnipiac Universitetinin keçirdiyi sorğuya əsasən, Nümayəndələr Palatasına seçkilərdə demokratlar arasında seçici dəstəyi respublikaçılardan 12 faiz bəndi yüksəkdir.
HİT.az xəbər verir ki, sorğunun nəticələrinə görə, seçicilərin 51 faizi aşağı palataya demokratların rəhbərlik etməsini istəyir. Respublikaçıları isə respondentlərin 39 faizi dəstəkləyir. ABŞ prezidenti Donald Trampın fəaliyyətini respondentlərin yalnız 34 faizi bəyənir.
Amerikalılar Konqresdə hər iki partiyanın hazırkı fəaliyyətinə də oxşar şəkildə skeptik yanaşırlar. Respondentlərin 67 faizi respublikaçıların, 69 faizi isə demokratların fəaliyyətini bəyənmir.
Bununla belə, iqtisadiyyat və yaşayış xərclərindən tutmuş xarici siyasət və süni intellektin tənzimlənməsinə qədər əsas istiqamətlərin hamısında respondentlər demokratlara daha çox etimad göstərirlər.
Quinnipiac Universitetinin sentyabrın 10-da açıqladığı əvvəlki sorğunun nəticələrinə görə, respondentlərin 49 faizi demokratlara, 38 faizi isə respublikaçılara səs verəcəyini bildirmişdi. Sorğuda iştirak edənlərin 13 faizi isə hələ qərarını verməmişdi.
Samir


