Rusiya ilə NATO arasında Kalininqradla bağlı yeni gərginlik yaşanır.
Belə ki, son günlərdə alyansın adıçəkilən vilayəti təcrid edərək, blokadaya salmaq niyyətində olduğu iddia olunur. Hətta Litva, Polşa və Fransanın birgə keçirdiyi “Cəsur qaban-2026” hərbi təlimlərinin də bununla bağlı olduğu deyilir.
NATO-nun Kalininqradı dəniz blokadasına almağa hazırlaşdığı xəbərlərinin yayılmasına isə Rusiyadan sərt cavab gəlib. Kreml buna cəhd olacağı təqdirdə, nüvə silahına əl atıla biləcəyini açıqlayıb. Bu isə gərginliyi daha da alovlandırıb.
Bəs mövcud vəziyyətdə bu məsələnin gündəmə gəlməsinə səbəb nədir? Kalininqrad Rusiya və NATO arasında hərbi gərginliyə səbəb ola bilərmi?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Hit.az-a açıqlamasında deyib ki, Kalininqrad məsələsinin yenidən gündəmə gəlməsi Rusiya ilə NATO arasında Baltik regionunda artan gərginliklə bağlıdır:
“Polşa ilə Litva arasında yerləşən Kalininqrad həm hərbi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada Rusiyanın Baltik Donanmasının bazası və digər mühüm hərbi obyektlər yerləşir.
Son dövrdə NATO-nun regiondakı hərbi fəallığının artması və mümkün münaqişə zamanı Kalininqradın təcrid edilməsi ilə bağlı ssenarilərin müzakirəsi Moskvada ciddi reaksiya doğurub. Bununla belə, NATO-nun Kalininqradı blokadaya almaq barədə rəsmi qərarının olmadığını da nəzərə almaq lazımdır”.
Ekspert qeyd edib ki, Rusiya isə mümkün blokadanı yalnız nəqliyyat və logistika problemi kimi deyil, öz ərazisinə qarşı birbaşa təhlükə kimi qiymətləndirəcəyini bildirir:
“Moskvanın belə bir vəziyyətdə nüvə silahından istifadənin də istisna edilmədiyini gündəmə gətirməsi ilk növbədə qarşı tərəfi çəkindirməyə hesablanmış sərt mesaj kimi görünür. Digər tərəfdən, nüvə amilinin bu cür müzakirələrə daxil edilməsi vəziyyəti daha həssas edir. Çünki söhbət artıq yalnız Kalininqradın təchizatından deyil, Rusiya ilə NATO arasında mümkün hərbi qarşıdurmanın hansı həddə qədər yüksələ biləcəyindən gedir”.
Onun sözlərinə görə, mövcud vəziyyətin birbaşa Rusiya-NATO müharibəsinə gətirib çıxaracağını söyləmək üçün əsas yoxdur:
“Lakin Kalininqrad Baltik regionunda tərəflərin maraqlarının ən yaxın məsafədə toqquşduğu nöqtələrdən biridir və buna görə burada hər hansı hərbi insident daha geniş eskalasiya riski yarada bilər. Əsas təhlükə də məhz yanlış hesablamadır: bir tərəfin hərbi təlim və ya çəkindirmə addımı kimi təqdim etdiyi fəaliyyət digər tərəfdən real hücuma hazırlıq kimi qəbul edilə bilər. Bu baxımdan Kalininqrad ətrafında baş verənlər Rusiya-NATO münasibətlərində onsuz da yüksək olan gərginliyi daha da artıran amillərdən biri kimi qiymətləndirmək olar”.
Elmir Mustafa



