Dünyanın ən hündür külək turbini Almaniyada inşa edildi

DÜNYA
16:58 / 10.10.2026
61

Almaniyada hündürlüyü 365 metr olan külək turbini tikilib. Dünyanın ən hündür külək turbini kimi təqdim edilən qurğunun 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə 3,8 meqavat gücündə işləyəcək sistemin gələcəkdə 7 meqavatdan çox elektrik enerjisi istehsal etməsi hədəflənir.

HİT.az xəbər verir ki, qurğu Almaniyanın Şipkau bölgəsində, Berlinlə Drezden arasındakı avtomobil yolu yaxınlığında inşa edilib. Layihə vaxtilə kömür hasilatı və ağır sənaye ilə tanınan Şərqi Almaniyada enerji keçidinin diqqətçəkən nümunələrindən biri hesab olunur. Tikintinin son mərhələsinə 2026-cı ilin sentyabrında çatılıb.

Layihəni həyata keçirən GICON şirkətinin məlumatına görə, turbinin əsas üstünlüyü yalnız hündürlüyü deyil. Qurğu daha yüksəkliklərdə əsən güclü və sabit küləklərdən istifadə etmək üçün layihələndirilib. Bildirilir ki, bu yanaşma standart külək turbinləri ilə müqayisədə elektrik istehsalını təxminən iki dəfə artırmağa imkan verə bilər.

365 metr hündürlüyündəki konstruksiya Almaniyanın ən hündür tikililərindən biri olacaq. Ondan yalnız 368 metr hündürlüyündə olan Berlin Televiziya Qülləsi daha yüksəkdir.

Tikinti zamanı mühəndislər ciddi texniki çətinliklərlə üzləşiblər. Turbinin ağır hissələrini və qanadlarını 300 metrdən yuxarı qaldırmaq üçün ənənəvi kranlardan istifadə etmək mümkün olmadığından alternativ montaj üsulu tətbiq edilib. Qüllənin aşağı hissəsində möhkəmləndirilmiş daşıyıcı konstruksiya qurulub, turbinin əsas mexanizmi isə strukturun daxilindən yuxarı çəkilərək yerinə yerləşdirilib.

Tikinti prosesində bəzi polad hissələrdə yaranan texniki problemlər işlərin qısa müddətə gecikməsinə səbəb olub. Ehtiyat hissələri çatdırıldıqdan sonra işlər davam etdirilib.

GICON-un planları bir turbinlə məhdudlaşmır. Şirkət gələcəkdə bu texnologiyanın Almaniyadakı mövcud külək elektrik stansiyalarında tətbiqini və təxminən 4 min yüksəkmərtəbəli külək turbininin istifadəyə verilməsini hədəfləyir. Məqsəd daha yüksəkliklərdəki külək potensialından yararlanaraq mövcud ərazilərdə daha çox elektrik enerjisi istehsal etməkdir.

Samir
 

0