Stiv Makkuinin “Ferrari”si 18,9 milyon dollara satıldı

DÜNYA
17:32 / 24.11.2026
50

Məşhur amerikalı aktyor və avtomobil yarışçısı Stiv Makkuinə məxsus olmuş 1967-ci il istehsalı “Ferrari 275 GTB/4*S NART Spider” hərracda 18,9 milyon dollara satılıb.

HİT.az xəbər verir ki, avtomobil “Gooding Christie’s” hərracında, “Retromobile New York” sərgisi çərçivəsində satışa çıxarılıb. Bu model ilk dəfə açıq hərracda təqdim olunub.

Cəmi 10 ədəd istehsal edilən avtomobilin ilkin qiyməti 10 milyon dollardan başlayıb. Hərrac zamanı son təklif 17,2 milyon dollar olsa da, alıcının komissiya ödənişi ilə yekun məbləğ 18,9 milyon dollara çatıb.

Avtomobil “North American Racing Team” (NART) komandasının sifarişi ilə “Ferrari 275 GTB/4” modeli əsasında hazırlanıb. Makkuinin avtomobili əvvəlcə “Blu Sera” rəngində olub və qara “Connolly” dəri salonla təchiz edilib. Aktyor sonradan kuzovu daha tünd metalik mavi rəngə boyadıb, salonun dizaynında dəyişikliklər edib, bamperləri çıxarıb və radioqəbuledicisi olan mərkəzi konsol quraşdırıb.

1967-ci ildə avtomobili aldıqdan qısa müddət sonra aktyor qəza ilə üzləşib. Tıxacda dayanan “Ferrari”yə arxadan başqa avtomobil çırpılıb. Hadisə və sonrakı dəyişikliklər avtomobilin sənədlərində əksini tapıb.

Buna baxmayaraq, “Scaglietti” emalatxanasında hazırlanmış orijinal kuzov və transmissiya qorunub saxlanılıb. Mühərrikin də zavod göstəricilərinə uyğun olduğu bildirilir. Buna görə mütəxəssislər avtomobili restavrasiyadan keçirilməmiş nümunələr kateqoriyasına aid edirlər.

1986-cı ildən ABŞ-da şəxsi kolleksiyada saxlanılan avtomobil təxminən 40 il ictimaiyyət qarşısına çıxarılmayıb. Hərracdan əvvəl onun 15-20 milyon dollar arasında satılacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, bu model üzrə rekord qiymət hələ də 2013-cü ildə satılmış başqa bir nümunəyə məxsusdur. Həmin avtomobil “RM Sotheby’s” hərracında 27,5 milyon dollara alıcı tapıb.

Samir

0