Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibə zamanı döyüş təcrübəsi qazanması gələcəkdə ABŞ və Cənubi Koreya üçün təhlükəsizlik problemləri yarada bilər. Bu barədə ABŞ-ın 8-ci Ordusunun komandanı, general-leytenant Cozef Gilbert bildirib.
HİT.az xəbər verir ki, generalın sözlərini “Axios” nəşri yayıb. Gilbert qeyd edib ki, Ukraynada və Yaxın Şərqdə müharibə üsullarının dəyişməsini təkcə ABŞ deyil, Şimali Koreya da diqqətlə izləyir.
“Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərin konkret necə qurulduğuna dair detallara varmayacağam. Ancaq əməkdaşlığın mövcudluğu açıq-aydındır”, – deyə amerikalı general vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyul ayında Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xı ilə görüşündə Pxenyan rəhbərliyinə Ukrayna müharibəsində göstərdiyi dəstəyə görə təşəkkür edib. O, həmçinin Şimali Koreya hərbçilərinin Kursk vilayətinin “azad edilməsində” iştirak etmək üçün göndərilməsini qeyd edib.
Rusiyanın müdafiə naziri Andrey Belousov da avqust ayında Şimali Koreya hərbçilərinin Rusiya qüvvələri ilə birlikdə Kursk vilayətində Ukrayna qoşunlarına qarşı döyüşdüyünü bildirmişdi.
Samir


