Meksika körfəzində 31 tonluq polad konstruksiya suya batırıldı - Səbəbi maraqlıdır

DÜNYA
18:45 / 28.10.2026
52

ABŞ-nin Missisipi ştatının sahillərində dəniz canlıları üçün yeni yaşayış mühiti yaratmaq məqsədilə 31 tonluq propan çəni və polad qüllə suyun dibinə endirilib. Əvvəllər yanğınsöndürənlərin təlimlərində istifadə olunan bu qurğular indi süni rifin bir hissəsinə çevriləcək.

HİT.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Konstruksiyalar Meksika körfəzində, Peti-Bua adasından təxminən 21 kilometr cənubda batırılıb. Layihənin əsas məqsədi təbii riflərin az olduğu ərazilərdə balıqlar üçün sığınacaq, qidalanma və çoxalma imkanları yaratmaqdır.

Avadanlıqlar əvvəllər Forts-Leyk könüllü yanğınsöndürmə xidmətinə məxsus olub. İstifadə müddəti başa çatdıqdan sonra bir neçə təşkilat qurğuların utilizasiyası əvəzinə onları dəniz ekosisteminə fayda verəcək şəkildə yenidən istifadəyə yönəltmək qərarına gəlib.

Layihədə Cekson dairəsinin fövqəladə hallar üzrə idarəsi, Missisipi Dəniz Resursları Departamenti və Mississippi Gulf Fishing Banks təşkilatı da iştirak edib. “Chevron” şirkətinin Paskaquladakı neft emalı zavodu isə ağır konstruksiyaların daşınması və təhlükəsiz şəkildə suya endirilməsi üçün 30 min dollar ayırıb.

Süni riflər dənizin dibinə yerləşdirilən polad, beton və digər uyğun konstruksiyalardan yaradılır. Onlar balıqların gizlənməsi, qida tapması və müəyyən ərazilərdə toplanması üçün şərait yaradır. Zaman keçdikcə bu strukturların səthində müxtəlif dəniz orqanizmləri də məskunlaşa bilər.

Missisipi sahillərinin bəzi hissələrində təbii riflərin az olması balıqçılıq üçün əlverişli şəraiti məhdudlaşdırır. Mississippi Gulf Fishing Banks təşkilatının prezidenti Ralf Hamfri bildirib ki, əvvəllər bəzi ərazilərdə əsasən palçıqlı dəniz dibi olub. Belə yerlər krevetlər üçün əlverişli olsa da, rif balıqlarının ovlanması baxımından o qədər də münasib deyil.

Missisipidə bu, süni rif yaradılması üzrə ilk təşəbbüs deyil. “Chevron” 2023-cü ildə də neft emalı zavodunda artıq qalmış polad materiallardan istifadə etməklə oxşar layihəyə dəstək verib.

Şirkətin məlumatına görə, Missisipi Dəniz Resursları Departamentinin qiymətləndirmələri həmin rifdə 530-dan çox qırmızı lüsyanın məskunlaşdığını göstərir. Bundan başqa, rif müxtəlif növ balıqlar üçün də yaşayış mühitinə çevrilib.

Lakin yeni suya batırılan propan çəni və polad qüllənin ətrafında neçə balığın məskunlaşacağı barədə hələlik məlumat yoxdur.

Layihənin dəniz ekosisteminə mümkün faydaları ilə yanaşı, balıqçılıq sahəsinə də töhfə verəcəyi gözlənilir. Süni riflər balıqların müəyyən nöqtələrdə toplanmasına şərait yaratdığı üçün həm peşəkar balıqçılar, həm də həvəskarlar üçün yeni imkanlar yarada bilər.

Təşəbbüsün müəllifləri hesab edirlər ki, vaxtilə sənaye və təlim məqsədləri üçün istifadə olunmuş polad konstruksiyalar düzgün yerləşdirildikdə uzun illər dəniz canlıları üçün yaşayış mühiti rolunu oynaya bilər.

Samir

0