İtaliyanın Dolomit Alp dağlarında buzlaqların sürətlə əriməsi nəticəsində Birinci Dünya müharibəsindən qalan 250 partlamamış hərbi sursat aşkar edilib. Mütəxəssislər qlobal istiləşmənin təsiri ilə buz altından üzə çıxan bu təhlükəli qalıqların turistlər və alpinistlər üçün ciddi risk yaratdığını bildirirlər.
HİT.az zxəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
İtaliya ordusunun “Culia” alp briqadasının hərbçiləri aşkarlanan sursatları ərazidən çıxararaq zərərsizləşdiriblər. Tapıntılar arasında İtaliya istehsalı olan artilleriya mərmiləri və Fransa istehsalı olan minaatan minaları da var.
Sursatlar 1915-1918-ci illərdə İtaliya və Avstriya-Macarıstan orduları arasında Dolomit Alp dağlarının çətin keçilən ərazilərində aparılan döyüşlərdən qalıb. Tarixə “Ağ müharibə” adı ilə düşən bu qarşıdurma zamanı hərbçilər sərt şaxta və ağır dağ şəraitində döyüşüblər.
Məlumata görə, sursatların böyük hissəsi Trento vilayətinin şərqində, Primyero vadisində yerləşən Kanal-San-Bovo ərazisində tapılıb. Yay aylarında turistlərin bu cür təhlükəli əşyalar barədə dəfələrlə məlumat verməsindən sonra hərbçilər Trentino-Alto Adice bölgəsindəki yüksək dağlıq ərazilərdə və buzlaqlarda genişmiqyaslı yoxlamalar aparıblar.
Ümumilikdə aşkarlanaraq zərərsizləşdirilən 250 partlayıcı vasitədən 18-i 75 millimetrlik İtaliya artilleriya mərmisi, 37-si isə Fransa istehsalı olan Tüveno sistemli minaatan minasıdır. Bu tip minalar Birinci Dünya müharibəsi dövründə İtaliya kral ordusuna da tədarük edilirdi.
Bergamo Universitetinin professoru, Stelvio Milli Parkında mədəni irsin qorunması layihələrinin koordinatoru Stefano Mrozini baş verənləri qlobal istiləşmənin nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, son illərdə hər yayın sonunda buzların altından daha çox təhlükəli hərbi sursat üzə çıxır. Bir əsrdən artıq müddətdə buz altında qalan bəzi sursatlar partlasa da, bir çoxu hələ də bütöv vəziyyətdədir.
Dolomit Alp dağlarında buzların əriməsi təkcə hərbi sursatların deyil, Birinci Dünya müharibəsindən qalan digər əşyaların da aşkarlanmasına səbəb olur. 1990-cı illərdən etibarən qlobal istiləşmə nəticəsində silahlar, xizəklər, məktublar və gündəliklər buz altından üzə çıxmağa başlayıb.
2015-ci ildə Stelvio aşırımının yaxınlığındakı, dəniz səviyyəsindən 3095 metr yüksəklikdə yerləşən Şkorluzzo dağında buzların əriməsi nəticəsində qayalıqdakı mağaranın içərisində tikilmiş taxta kazarma yenidən üzə çıxıb. Birinci Dünya müharibəsi başa çatarkən əsgərlər sığınacağı tələsik tərk etmiş, əşyalarının böyük hissəsini orada qoymuşdular. Kazarmada saman döşəklər, geyimlər, fənərlər, qəzetlər, açıqcalar, sikkələr və konservlər tapılıb.
2027-ci ilin iyununda Bormio şəhərində “Ağ müharibə” muzeyinin açılması planlaşdırılır. Burada buzlaqların əriməsi nəticəsində tapılan tarixi əşyalar nümayiş etdiriləcək.
Tarixi məlumatlara görə, “Ağ müharibə” zamanı bir milyondan çox insan həyatını itirib. Həlak olan hərbçilərin əksəriyyətinin birbaşa döyüşlərdə deyil, qar uçqunları, dağlardan yıxılma və donma nəticəsində öldüyü ehtimal olunur. Son 15 ildə buzların əriməsi nəticəsində həlak olmuş onlarla hərbçinin cəsədi də aşkar edilib.
Mrozini turistləri və alpinistləri buzlaqlara çıxarkən ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, yay aylarında yüksək dağlıq ərazilərdə uzunmüddətli isti hava buzlaqlarda hərəkəti getdikcə təhlükəli edir. 2022-ci ildə Marmolada buzlağının böyük hissəsinin qopması nəticəsində 11 nəfər həlak olub.
Samir


