Kirpilərin təhlükə zamanı iynələrini ox kimi düşmənə atması ilə bağlı fikir həqiqəti əks etdirmir. Əslində, bu heyvanlar iti iynələrindən müdafiə vasitəsi kimi istifadə etsələr də, onları uzaq məsafəyə atmaq qabiliyyətinə malik deyillər.
HİT.az xəbər verir ki, bu barədə “Martha Stewart” məlumat yayıb.
ABŞ-nin İndiana ştatında yaralı və yetim vəhşi heyvanların xilas edilməsi ilə məşğul olan WildCare Inc təşkilatının heyvanlara qulluq üzrə direktoru Brianna Smutun sözlərinə görə, kirpilərin iynələri əslində xüsusi quruluşa malik sərt tüklərdir. Onların uclarında xırda, geriyə yönəlmiş qarmaqlar yerləşir. Heyvan təhlükə hiss etdikdə bədənindəki əzələləri gərərək iynələrini dikəldir və daha iri, qorxuducu görünməyə çalışır.
Kirpi hücum zamanı quyruğunu düşmənə tərəf çırpa bilər. Bu zaman iynələr qarşı tərəfin dərisinə batır və üzərindəki xırda qarmaqlara görə onları çıxarmaq çətinləşir. İynələrin yaratdığı ağrı və narahatlıq yırtıcının diqqətini yayındırır, bu isə diktikənə qaçıb canını qurtarmaq üçün vaxt qazandırır.
Mütəxəssis xəbərdarlıq edir ki, kirpilərin iynələri ilə yaralanmaq ciddi fəsadlara səbəb ola bilər. İynələr bədənə batdıqda güclü ağrı və iltihab yaranır. Heyvan onları çıxarmağa çalışdıqca qarmaqlar iynələrin toxumalara daha dərindən keçməsinə səbəb ola bilər.
İynə qırılaraq bədəndə qaldıqda infeksiya və ya abses yarana bilər. Daha ağır hallarda iynənin daxili orqanlara doğru hərəkət etməsi, yaxud yaranın bakterial infeksiyaya səbəb olması heyvanın ölümü ilə nəticələnə bilər.
Maraqlı məqamlardan biri də kirpilərin itirdikləri iynələrin yenidən böyüməsidir. Bu iynələr əsasən keratindən ibarətdir və quruluşuna görə insan saçına bənzəyir. Yeni iynənin böyüməsi üç aydan bir qədər çox vaxt apara bilər.
Kirpilərin bədənində 30 mindən artıq iynə ola bilər. Lakin qışda və qida çatışmazlığı zamanı yeni iynələrin böyüməsi ləngiyə bilər.
Beləliklə, kirpilərin iynələrini uzağa ata bilməsələr də, təhlükə zamanı onlardan effektiv müdafiə vasitəsi kimi istifadə edirlər. Onların əsas üstünlüyü iynələrin xüsusi quruluşu və yırtıcının dərisindən çətin çıxarılmasıdır.
Samir


