Tramp Baydeni Ukraynaya yardıma görə tənqid etdi: “Bizi axmaq hesab edirlər”

DÜNYA
17:43 / 28.10.2026
52

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin dövründə Ukrayna və Avropa müttəfiqlərinə göstərilən yardımlara görə Vaşinqtonun heç bir qarşılıq almadığını bildirib.

HİT.az xəbər verir ki, Tramp bu barədə çıxışında danışaraq Bayden administrasiyasının Ukrayna və Avropaya ümumilikdə 350 milyard dollar ayırdığını iddia edib.

“Biz silahlı qüvvələrimizi yenidən qurduq. Bayden isə onların əhəmiyyətli hissəsini payladı. Bunun müqabilində müəyyən ödəniş tələb etmək lazım idi. Bu, Avropadır, onlar ödəyə bilərlər”, – deyə ABŞ lideri vurğulayıb.

Trampın sözlərinə görə, hazırda ABŞ Avropa ölkələrinə silahları pulsuz vermək əvəzinə satır. Avropa dövlətləri aldıqları silahları Ukraynaya və ya başqa ölkələrə ötürsələr də, bunun müqabilində Vaşinqtona ödəniş edirlər.

“Bayden də bunu tələb edə bilərdi. O, 350 milyard dollar verdi, əvəzində isə heç nə almadıq. Yalnız onların bizi axmaq hesab etməsindən başqa”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl də Bayden administrasiyasını Ukraynaya silahların əvəzsiz verilməsinə görə tənqid edib. O, ABŞ-ın hərbi ehtiyatlarını artırmaq zərurətini əsas gətirərək müttəfiqlərə döyüş sursatlarının satışının dayandırıldığını da açıqlamışdı. Tramp həmçinin Ukraynaya verilən raketlərin sonradan açıq bazarda satıldığı barədə iddia səsləndirib.

Samir
 

0