Həm havadan nəfəs alır, həm də quruda hərəkət edir: Dişi 50 min yumurta qoyur

DÜNYA
22:17 / 29.10.2026
64

İlanbaş balıqları qeyri-adi xüsusiyyətləri ilə seçilir: onlar atmosfer havası ilə nəfəs ala, qısa məsafələri quruda hərəkət edərək keçə və çoxlu sayda yumurta qoya bilirlər. Yırtıcı həyat tərzi sürən bu balıqlar bəzi ölkələrdə yerli su ekosistemləri üçün ciddi təhlükəyə çevrilib.

Qaynarinfo xəbər verir ki, UNIAN nəşri Polşanın “Interia Zielona” portalına istinadən ilanbaş balıqları barədə maraqlı məlumatlar yayıb.

Uzunsov bədən quruluşuna malik bu balıqlar zahirən ilanı və ya durnabalığını xatırladır. Onların iri başı və iti dişləri var. Böyük fərdlər yalnız kiçik balıqlarla deyil, həm də qurbağalar, tritonlar, su gəmiriciləri və hətta suya girən ilanlarla qidalana bilirlər.

Quruda da hərəkət edə bilirlər

İlanbaş balıqlarının əsas xüsusiyyətlərindən biri qəlsəmələrinin üzərində yerləşən xüsusi tənəffüs orqanlarıdır. Bu quruluş onlara atmosfer havasından istifadə etməyə və suda oksigen azaldıqda müəyyən müddət yaşamağa imkan verir.

Bu qabiliyyət sayəsində balıqlar bir su hövzəsindən digərinə keçə bilirlər. Üzgəclərinin ətrafındakı güclü əzələlər isə onlara quruda qısa məsafələri qət etməyə kömək edir. İlanbaşlara Cənubi Asiyanın, Yeni Qvineyanın, Afrikanın və Madaqaskarın dayaz şirin sularında rast gəlinir.

Bəzi ölkələrdə təhlükəli invaziv növə çevriliblər

İlanbaş balıqlarının müxtəlif ölkələrdə yayılmasının səbəblərindən biri onların akvariumlarda saxlanıldıqdan sonra təbii su hövzələrinə buraxılmasıdır. ABŞ, Çin, Yaponiya, Tayvan, Fici, Özbəkistan və Türkmənistan kimi ərazilərdə bu balıqların yayılması barədə məlumatlar var.

ABŞ-də ilk ilanbaş balığı 2002-ci ildə Merilend ştatının Krofton şəhərində qeydə alınıb. Sonrakı illərdə onların Nyu-York, Pensilvaniya, Nyu-Cersi və digər ştatlarda da yayıldığı bildirilir. Yırtıcı balıqlar kiçik balıqları, xərçəngkimiləri və digər su orqanizmlərini ovlayaraq ekoloji tarazlığı poza, balıqçılığa zərər vura bilirlər.

Bir dəfəyə 50 min yumurta qoya bilir

İlanbaş balıqlarının sürətlə yayılmasına səbəb olan amillərdən biri də yüksək çoxalma qabiliyyətidir. Məlumata görə, bəzi növlərin dişiləri bir dəfəyə 50 minədək yumurta qoya bilir.

Bu balıqlar balalarına da xüsusi qayğı göstərirlər. Hər iki valideyn balalarını qoruyur və onlara yaxınlaşan canlılara hücum edə bilir.

ABŞ-də ilanbaşların yerli ekosistemlərə yaratdığı təhlükəyə görə bəzi ştatlarda balıqçılara tutduqları fərdləri yenidən suya buraxmamaq barədə xəbərdarlıqlar edilir. Bu nümunə invaziv növlərin təbii mühitə buraxılmasının ciddi ekoloji nəticələrə səbəb ola biləcəyini göstərir.

Samir
 

0