ABŞ-ın Kaliforniya ştatında dünyanın ən iri uçan quşlarından sayılan yeddi Kaliforniya kondoru təbiətə qaytarılıb. Quşlar Kaliforniya və Oreqon ştatlarının sərhədinə yaxın, Yurok qəbiləsinin ərazisində azadlığa buraxılıb. Mütəxəssislər bu addımla növün tarixi yaşayış arealında populyasiyasını bərpa etməyi hədəfləyirlər.
HİT.az xəbər verir ki, bu barədə “Discover Wild Life” məlumat yayıb.
Kondorlar Şimali Kaliforniyada populyasiyanın bərpası proqramı çərçivəsində təbiətə buraxılıblar. Quşlar “San Diego Zoo Wildlife Alliance” təşkilatı tərəfindən Yurok qəbiləsi, eləcə də Redvud milli və ştat parkları ilə əməkdaşlıq çərçivəsində yetişdirilib.
Dünyada 600-dən bir qədər çox kondor qalıb
Kaliforniya kondoru Şimali Amerikanın ən iri quru quşudur. Qanadlarının açılmış vəziyyətdə uzunluğu 3 metri ötə, çəkisi isə 10 kiloqramdan çox ola bilər. Bu quşların 60 ildən artıq yaşadığı ehtimal edilir.
Bir vaxtlar Kanadadan Meksikayadək geniş ərazidə yayılan kondorların sayı Avropalı köçkünlərin Şimali Amerikada məskunlaşmasından sonra kəskin azalıb. Zəhərlənmə, ovlanma, yumurtaların toplanması və yaşayış mühitinin məhv edilməsi növü yox olmaq təhlükəsi ilə üz-üzə qoyub.
1980-ci illərdə təbiətdə cəmi 22 Kaliforniya kondoru qalmışdı. Növün qorunması üçün mütəxəssislər quşları təbiətdən tutaraq əsirlikdə çoxaltmağa başlayıblar.
Təxminən 40 il davam edən mühafizə tədbirləri nəticəsində hazırda dünyada 600-dən bir qədər çox Kaliforniya kondorunun olduğu bildirilir. Onların təxminən yarısı təbii şəraitdə yaşayır.
Yeni buraxılış növün sayının artırılması və əvvəlki yaşayış ərazilərinə qaytarılması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir.
Samir


