Yer kürəsinin cazibə qüvvəsinin təsirinə düşən kiçik asteroid müvəqqəti olaraq planetimizin təbii peyki olub. 2026 QQ8 adlandırılan kosmik cismin dekabr ayınadək Yerin orbitində qalacağı, daha sonra isə cazibə təsirindən çıxaraq Günəş ətrafında hərəkətini davam etdirəcəyi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Məlumata görə, asteroidin diametri təxminən bir metrdir. Buna görə də o, Yerin daimi təbii peyki olan Aydan xeyli kiçikdir. Alimlər əvvəlcə 2026 QQ8-in kosmik tullantı, yəni raket və ya peyk qalığı ola biləcəyini ehtimal ediblər. Lakin sonrakı müşahidələr onun təbii mənşəli olduğunu təsdiqləyib və Kiçik Planetlər Mərkəzi obyekti Yerin müvəqqəti mini-peyki kimi təsnif edib.
Asteroidi ilk dəfə avqustun 20-də macar astronom Kristian Şarneçki aşkar edib. O, daha sonra Havay Universitetinin 2,2 metrlik teleskopu və Lowell Discovery teleskopu vasitəsilə əlavə müşahidələr aparılıb. Toplanan məlumatlar əsasında alimlər asteroidin Günəş ətrafındakı hərəkət trayektoriyasını və əvvəlki yaxınlaşmalarının tarixini müəyyənləşdiriblər.
Araşdırmaya əsasən, 2026 QQ8 2026-cı ilin aprelində Yerin Hill sferasına daxil olub. Bu, planetin cazibə qüvvəsinin Günəşin təsirinə baxmayaraq kosmik cisimləri öz ətrafında saxlaya bildiyi fəza sahəsidir. Asteroidin müvəqqəti peykə çevrilməsi də məhz bununla bağlıdır.
Alimlərin hesablamalarına görə, dekabrda asteroid Yerin cazibə təsirindən çıxaraq yenidən Günəş ətrafında müstəqil hərəkət edəcək.
Qeyd edək ki, 2026 QQ8 əvvəlki yaxınlaşmaları zamanı Yerin Hill sferasına daxil olmayıb. 1965-ci ildə planetimizin yaxınlığından keçsə də, məsafə onun cazibə qüvvəsi tərəfindən tutulması üçün kifayət etməyib. Asteroidin növbəti yaxınlaşmasının isə 2058-ci ildə baş verəcəyi proqnozlaşdırılır. Lakin həmin vaxt da onun Yerin müvəqqəti peykinə çevrilməsi gözlənilmir.
Samir


