Sibirdə aparılan arxeoloji qazıntılar zamanı təxminən 2800 il əvvəl kannabisdən istifadə edildiyinə dair izlər aşkarlanıb. Tapıntılar qədim insanların bu bitkidən təkcə məişət məqsədləri üçün deyil, ehtimal ki, psixoaktiv təsir əldə etmək üçün də yararlandığını göstərir.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub. Almaniya, Rusiya, İsveç və İsveçrədən olan alimlərin iştirak etdiyi tədqiqat zamanı Sibirin cənubunda yerləşən Tunnuq-1 arxeoloji kompleksindəki qədim kurqan araşdırılıb.
2017-ci ildən aparılan qazıntılar zamanı skiflərin maddi mədəniyyəti ilə əlaqələndirilən monumental qəbiristanlıqda silahlar, at yəhərləri, heyvan təsvirləri olan əşyalar, həmçinin mindən çox kannabis toxumu və insan saçı tapılıb.
Alimlərin diqqətini xüsusilə toxumlarla yanaşı insan saçının da qorunub saxlanması cəlb edib. Tədqiqatçılar bu materialların təhlilinin qədim dövrdə kannabisdən istifadə ilə bağlı yeni məlumatlar verdiyini bildirirlər.
Radiokarbon analizi toxumların yaşının təxminən 2800 il olduğunu müəyyənləşdirib. Araşdırmanın həmmüəllifi, Bern Universitetinin arxeoloqu Gino Kaspari toxumların qəbirə təsadüfən düşmədiyini, bilərəkdən dəfn mərasiminin bir hissəsi kimi yerləşdirildiyini bildirib.
Bununla belə, alimlər qədim insanların kannabisi hansı formada qəbul etdiyini müəyyənləşdirə bilməyiblər. Onun tüstüsünün nəfəsə çəkilməsi və ya qida vasitəsilə orqanizmə daxil edilməsi ehtimal olunur.
Alimlər arasında fikir ayrılığı var
Tədqiqatın nəticələri bütün mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Almaniyanın Frayburq Universitetinin Tibb Mərkəzinin məhkəmə toksikologiyası şöbəsinin rəhbəri Folker Auverter saç nümunələrinin təhlilini elmi baxımdan zəif hesab edib.
Onun fikrincə, əldə olunan məlumatlar həmin şəxsin kannabis qəbul etdiyini qəti şəkildə sübut etmək üçün kifayət deyil. Belə ki, bitkinin izləri insan saçına onunla birbaşa təmas nəticəsində də düşə bilərdi. Ekspert nəticələrin təsdiqlənməsi üçün əlavə toksikoloji araşdırmaların aparılmasını vacib sayır.
İspaniyanın Valyadolid Universitetindən Eliza Gerra Dose isə bu tənqidlə razılaşmır. O, arxeoloji tədqiqatlarda saç nümunələrinin toksikoloji analizindən əvvəllər də istifadə edildiyini xatırladaraq, araşdırmanın nəticələrini əhəmiyyətli hesab edib.
Qeyd edək ki, kannabis qədim dövrlərdə müxtəlif məqsədlərlə istifadə olunub. Bitkinin toxumlarından yağ hazırlanıb, liflərindən isə parça istehsal edilib. Buna görə də qəbirdə kannabis toxumlarının tapılması onun mütləq psixoaktiv məqsədlə istifadə edildiyini sübut etmir.
Bununla belə, yeni tapıntı qədim skiflərin həyat tərzi və bitkilərdən istifadə ənənələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Samir


