Estoniya baş naziri: Aİ-ni Rusiya ilə danışıqlarda Kallas və Koşta təmsil etməlidir

DÜNYA
16:28 / 12.11.2026
42

Estoniyanın baş naziri Kristen Mixal Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı Rusiya ilə aparılacaq danışıqlarda vahid nümayəndələrinin Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa Şurasının sədri Antonio Koşta olması təklifini irəli sürüb.

HİT.az xəbər verir ki, o, bu barədə “Politico” nəşrinə müsahibəsində danışıb.

Mixalın sözlərinə görə, hər iki şəxsin səlahiyyəti birbaşa Avropa İttifaqından qaynaqlanır. Buna görə də danışıqlarda Avropanı təmsil etmək üçün əlavə namizəd müəyyənləşdirməyə və üzv dövlətlər arasında ayrıca razılaşma əldə etməyə ehtiyac yoxdur.

Estoniya hökumətinin başçısı bildirib ki, Avropanın etibar etdiyi və qarşısında məsuliyyət daşıyan şəxslər danışıqlarda onu təmsil etməlidir.

“Avropa artıq öz nümayəndələrini seçib. Onlar Avropa Şurasının sədri Antonio Koşta və Kaya Kallasdır. Yeni bir şəxsin təyin edilməsinə ehtiyac yoxdur. Əgər bu, rusların xoşuna gəlmirsə, bu, onların problemidir”, - deyə Mixal vurğulayıb.

Məlumata görə, Aİ-nin Rusiya ilə danışıqlarda kimin tərəfindən təmsil olunacağı məsələsinin noyabrın 12-də Dublində keçirilən Avropa İttifaqı sammitində müzakirəyə çıxarılması gözlənilir. Bu təşəbbüsün İtaliyanın baş naziri Corcia Melonidən gəldiyi bildirilir.

Bununla belə, Avropa rəsmilərindən biri sammitdə konkret nümayəndənin seçilməsi ilə bağlı yekun qərarın verilməyəcəyini bildirib. Gözlənti liderlərin Avropanın mövqeyini kimin çatdırmalı olduğu barədə ilkin razılığa gəlməsidir.

Xatırladaq ki, noyabrın 12-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Avropa ölkələrinin Ukrayna üzrə danışıqlarda iştirak edəcək vahid namizəd müəyyənləşdirə bilmədiyini açıqlayıb. “Financial Times” da Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı fikir ayrılıqlarının olduğunu yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski isə bundan əvvəl Avropanı noyabr ayında Rusiya ilə danışıqlar üçün vahid nümayəndə seçməyə çağırmışdı.

Samir

0