"Nvidia"da şok qərar gündəmdə: Censen Huan vəzifəsindən uzaqlaşdırıla bilər

DÜNYA
16:12 / 12.11.2026
36

Süni intellekt çipləri bazarının lideri “Nvidia”da rəhbərlik böhranı dərinləşir. Şirkətin Direktorlar Şurasının baş icraçı direktor Censen Huanın vəzifəsindən kənarlaşdırılması məsələsini müzakirə etmək üçün təcili toplantı keçirdiyi iddia olunur.

HİT.az xəbər verir ki, “Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Direktorlar Şurası çərşənbə günü gec saatlarda Huanın gələcəyini müzakirə etmək üçün bir araya gəlib. Bununla belə, onun vəzifədən çıxarılması ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.

Qalmaqalın əsas səbəbi Huanın nikahdankənar münasibətləri və həmin şəxslərdən birinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinməsidir. Lakin qadının casusluq fəaliyyəti ilə bağlı iddialar hələlik rəsmi araşdırmanın nəticələri ilə təsdiqlənməyib.

Xatırladaq ki, Huan noyabrın 8-də şirkət əməkdaşlarına göndərdiyi elektron məktubda nikahdankənar münasibət yaşadığını etiraf edib. Bundan sonra “Nvidia” rəhbərliyi məsələni araşdırmaq üçün müstəqil komitə yaradıb. Şirkətin Direktorlar Şurası ilkin açıqlamasında milli təhlükəsizliyin və korporativ məlumatların risk altında olduğunu düşünmək üçün əsas görmədiyini bildirmişdi.

ABŞ senatorları da araşdırmaya qoşuldu

Məsələ ABŞ Konqresinin də diqqət mərkəzinə düşüb. Demokrat senatorlar Elizabet Uorren və Kris Kons çərşənbə günü Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə müraciət edərək “Nvidia” ilə bağlı bütün sənədlərin qorunmasını tələb ediblər.

“Bloomberg”in məlumatına görə, senatorlar xüsusilə şirkətin istehsal etdiyi qabaqcıl süni intellekt çiplərinin Çinə və ya həmin məhsulları başqa istiqamətlərə yönləndirə biləcək qurumlara göndərilməsi ilə bağlı qeydləri istəyiblər. Onlar həmçinin hökumət rəsmilərinin bu məsələdən əvvəlcədən xəbərdar olub-olmadığını aydınlaşdırmağa çalışırlar.

Qalmaqalın şirkətin səhmlərinə də təsir etdiyi bildirilir. “Motley Fool”un məlumatına görə, Huanın etirafından sonra noyabrın 9-da “Nvidia” səhmləri 5 faizdən çox ucuzlaşıb.

Qeyd edək ki, şirkət noyabrın 17-də üçüncü rübün maliyyə nəticələrini açıqlayacaq. Ertəsi gün isə ABŞ Nümayəndələr Palatasının üç komitəsinin rəhbərinin iştirakı ilə Huanın qapalı dinləmədə ifadə verməsi gözlənilir.

Samir

0