Günəş sistemində planetlərin hərəkəti milyardlarla ildir müəyyən tarazlıq əsasında davam etsə də, bu sabitliyin əbədi qalacağına zəmanət yoxdur. Fransalı alimlərin apardığı araşdırma göstərib ki, çox uzaq gələcəkdə planetlərin orbitlərində baş verə biləcək dəyişikliklər Yerin Mars, Venera və ya Merkuri ilə toqquşmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Paris Rəsədxanasının alimləri Jak Laskar və Mikael Qastino Günəşin qarşıdakı təxminən 5 milyard il ərzində planetlərə təsirini araşdırmaq üçün 2501 fərqli kompüter simulyasiyası aparıblar.
Nəticələr göstərib ki, Yupiter, Saturn, Uran və Neptun kimi nəhəng planetlərin orbitləri əsasən sabit qalır. Lakin Yer, Mars, Venera və Merkuri daxil olmaqla daxili Günəş sistemində vəziyyət fərqlidir.
Simulyasiyaların təxminən 25-də, yəni 1 faizində Merkurinin orbitində ciddi qeyri-sabitlik yaranıb. Bu dəyişiklik digər planetlərin hərəkətinə də təsir edərək mümkün toqquşma ssenarilərinə yol açıb.
Yer və Mars arasındakı məsafə 794 kilometrə qədər azala bilər
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri Marsın Yerə son dərəcə yaxınlaşdığı ssenari olub. Kompüter modelləşdirməsinə əsasən, iki planet arasındakı məsafə cəmi 794 kilometrə qədər enə bilər.
Alimlər “Nature” jurnalında dərc olunan məqalədə bildiriblər ki, belə yaxınlaşma zamanı Yerin güclü qabarma-çəkilmə qüvvələri Marsın parçalanmasına səbəb ola bilər. Planetdən qopan hissələrin Yerə düşməsi isə həyat üçün fəlakətli nəticələr yarada bilər.
Tədqiqatçılar ilkin şərtləri cüzi dəyişdirərək əlavə hesablamalar da aparıblar. Beş ssenaridə Mars Günəş sistemindən tamamilə kənara atılıb, digər 196 variantda isə planetlər arasında toqquşmalar qeydə alınıb.
Bu toqquşmaların 48-də Yer Mars və ya Venera ilə birbaşa toqquşma təhlükəsi ilə üzləşib. Bəzi modellərdə Merkuri də daxil olmaqla qayalı planetlərin orbitləri ciddi şəkildə dəyişib.
Günəş sistemi nə dərəcədə təhlükəsizdir?
Alimlər vurğulayırlar ki, bu nəticələr yaxın gələcəkdə planetlərin toqquşacağı anlamına gəlmir. Hesablamalara görə, Günəş sisteminin qarşıdakı 5 milyard il ərzində böyük orbital fəlakət yaşamadan mövcudluğunu davam etdirmə ehtimalı təxminən 99 faizdir.
Kaliforniya Universitetinin Santa-Kruz kampusundan Qreqori Laflin isə araşdırmanın nəticələrinin yalnız Günəş sistemi üçün əhəmiyyət daşımadığını bildirib. Onun fikrincə, planetlər arasındakı cazibə qüvvəsindən qaynaqlanan qeyri-sabitlik digər ulduzların ətrafında formalaşan planet sistemlərinin təkamülünü anlamağa da kömək edə bilər.
Tədqiqat bir daha göstərir ki, milyardlarla il ərzində sabit görünən planet orbitləri belə kiçik cazibə dəyişikliklərinin təsiri ilə tamamilə fərqli vəziyyətə düşə bilər. Bununla belə, hesablamalar belə bir hadisənin baş verməsinin çox aşağı ehtimal daşıdığını göstərir.
Samir


