2026-cı ilin ən dözümlü smartfonları açıqlandı

TEXNO
17:36 / 19.11.2026
21

2026-cı ildə enerji ehtiyatını ən uzun müddət qoruyan smartfonların reytinqi açıqlanıb. Siyahıda gözlənilməz nəticə qeydə alınıb: orta seqmentə aid “Realme P4 Power” bütün rəqiblərini geridə qoyaraq birinci olub.

HİT.az xəbər verir ki, bu barədə ""GSMArena ekspertlərin hazırladığı reytinqə istinadən məlumat yayıb.

Smartfonların batareya davamlılığı internetdə gəzişmə, telefon danışıqları, video izləmə və mobil oyunlar üzrə sınaqlarla müəyyənləşdirilib. Bu göstəricilər əsasında cihazların qarışıq istifadə rejimində nə qədər işləyə biləcəyini əks etdirən “Active Use Score” balı hesablanıb.

Reytinqin lideri olan “Realme P4 Power” 10 001 mAh tutumlu batareya ilə təchiz edilib. Model bir enerji doldurulması ilə 25 saat 35 dəqiqə aktiv istifadə göstəricisinə nail olub. Telefon danışığı rejimində isə 61 saata qədər işləyə bilir.

Cihaz 80 Vt gücündə sürətli enerji doldurmanı dəstəkləyir. Batareyanın sıfırdan 100 faizə qədər doldurulması təxminən 70 dəqiqə çəkir. İstehsalçı akkumulyatorun 1650 enerji doldurma dövründən, yəni təxminən səkkiz illik istifadədən sonra ilkin tutumunun 80 faizini qoruyacağını bildirir.

Siyahıda ikinci yeri “Oppo Find X10 Pro Max”, üçüncü yeri “Poco X8 Pro Max”, dördüncü yeri isə “Oppo Find X10” tutub. Bu modellərin hər biri 25 saatdan çox aktiv istifadə müddəti nümayiş etdirib.

“Apple” şirkətinin yeni flaqmanı “iPhone 18 Pro Max” isə gözləniləndən xeyli aşağı nəticə göstərib. Model 19 saat 20 dəqiqəlik aktiv istifadə göstəricisi ilə 30-cu pillədə qərarlaşıb. Beləliklə, lider “Realme” ilə fərq təxminən 6 saat olub.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə 10 000 mAh və daha yüksək tutumlu batareyalar smartfon bazarında daha geniş yayılacaq. Bu tendensiyanın xüsusilə Çin istehsalçılarının orta seqment modellərində müşahidə olunacağı gözlənilir.

Böyük tutumlu batareyaların tətbiqinə imkan verən texnologiyalardan biri də silikon-karbon akkumulyatorlardır. Bu texnologiya smartfonun ölçülərini əhəmiyyətli dərəcədə artırmadan batareyanın tutumunu yüksəltməyə şərait yaradır.

Samir

0