Qorillalar hündür budaqlardakı yemə çatmaq üçün qeyri-adi üsul tapıb

DÜNYA
18:18 / 19.11.2026
43

İsraildə alimlər iki dişi qorillanın qida əldə etmək üçün nümayiş etdirdiyi qeyri-adi əməkdaşlığı videoya çəkiblər. Meymunlardan biri daşın üzərinə çıxaraq digərinin belinə qalxmasına şərait yaradıb. Bu üsulla qorillalar yerdən təxminən 4,5 metr yüksəklikdə yerləşən budaqlara çatmağı bacarıblar.

HİT.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Maraqlı hadisə Təl-Əviv yaxınlığındakı Ramat-Qan safari parkında qeydə alınıb. “Primates” elmi jurnalında dərc olunan araşdırmada 2021, 2024 və 2025-ci illərdə baş vermiş üç belə hadisə təsvir edilib.

Tədqiqatçılar hadisənin ən ətraflı görüntülərini 2024-cü ilin sentyabrında əldə ediblər. Həmin vaxt park əməkdaşları iki qorillanın əvvəllər çata bilmədikləri ağac budağından yarpaq və qabıq yediyini görüblər. Bunun necə baş verdiyini öyrənmək üçün müşahidə kameralarının görüntülərinə baxıblar.

Kadrlarda Ameliya adlı qorillanın əvvəlcə ağacın altındakı daşın üzərinə çıxdığı, daha sonra isə onun ögey bacısı Lişanın yaxınlaşaraq dörd ayağı üzərində dayandığı görünür. Ameliya onun belinə qalxaraq arxa ayaqları üzərində dikəlib və təxminən 4,5 metr hündürlükdəki budağı tutaraq aşağı əyməyə nail olub.

Ağacın gövdəsinin elektrik hasarı ilə əhatələnməsi səbəbindən qorillaların birbaşa ağaca dırmaşması mümkün olmayıb. Buna görə də onlar bu üsuldan istifadə ediblər.

Alimlərin diqqətini çəkən digər məqam 2025-ci ilin iyununda çəkilmiş görüntülər olub. Bu dəfə Lişa özü Ameliyanın yanına yaxınlaşaraq arxasını ona çevirib və belinə çıxması üçün uyğun vəziyyət alıb. Ameliya isə onu buna məcbur etməyib.

Tədqiqatçılar bu davranışı iki heyvanın ortaq məqsədə çatmaq üçün bir-birinin hərəkətlərindən asılı olduğu əməkdaşlıq nümunəsi kimi qiymətləndiriblər.

Bununla belə, qidanın əldə edilməsi onun mütləq paylaşılması demək olmayıb. 2024-cü ildə hər iki qorilla birlikdə qidalansa da, 2025-ci ildə bitkiləri yalnız Ameliya yeyib. Bu fərq alimlərə qidanın birgə əldə edilməsi ilə sonradan bölüşdürülməsinin ayrı-ayrı sosial davranış formaları olduğunu göstərib.

Alimləri təəccübləndirən başqa bir məqam isə Ameliya ilə Lişanın gündəlik həyatda o qədər də yaxın münasibətdə olmamalarıdır. Onlar gecələr ayrı yerlərdə yatır, bir-birinin tüklərini təmizləmə kimi sosial davranışları isə nadir hallarda nümayiş etdirirlər.

Tədqiqatın rəhbəri, Təl-Əviv Universitetinin doktorantı Maykl Levitski bildirib ki, müşahidə olunan davranış adi şəkildə bir heyvanın digərindən vasitə kimi istifadə etməsindən fərqlənir. Onun sözlərinə görə, Lişa bacısına kömək etmək üçün özü təşəbbüs göstərib və lazımi vəziyyəti alıb.

Tədqiqatda iştirak edən Təl-Əviv Universitetinin professoru İsrael Herşkovits isə bu müşahidələrin qədim insanların savannada necə sağ qalmasını anlamağa kömək edə biləcəyini düşünür. Onun fikrincə, dil və əvvəlcədən planlaşdırma olmadan belə sosial dəstək və əməkdaşlıq sağ qalmaqda mühüm rol oynaya bilər.

Alimlər araşdırmanın yalnız iki qorillanın üç davranış nümunəsinə əsaslandığını və buna görə də geniş nəticələr çıxarmaq üçün əlavə müşahidələrə ehtiyac olduğunu vurğulayıblar.

Samir

0