Bir ailənin illərlə saxladığı suvenirin əsl tarixi üzə çıxdı

DÜNYA
18:00 / 18.11.2026
34

Çilidə bir ailənin təxminən 100 il ərzində qoruyub saxladığı mərmər parçasının mənşəyi alimləri təəccübləndirib. Ailə üzvləri onun Afinadakı məşhur Parfenon məbədinin bir hissəsi olduğunu düşünsələr də, arxeoloji araşdırmalar fərqli nəticə ortaya qoyub.

HİT.az xəbər verir ki, bu barədə futura-sciences.com nəşri məlumat yayıb.

Məlumata görə, 1930-cu illərdə italiyalı mühəndis və dənizçi Qaetano Tosti-Kroçe Afinaya səfəri zamanı Parfenon məbədinin ətəyindən kiçik mərmər parçası götürüb. Daha sonra Cənubi Amerikaya köçən şəxsin saxladığı daş ailə yadigarına çevrilib. Mərmər parçası illər ərzində ailənin Vinya-del-Mar, Santyaqo və Vilyarrika şəhərlərindəki evlərində nümayiş etdirilib.

1994-cü ildə valideynlərinin ölümündən sonra yadigar onun oğlu Enriko Tosti-Kroçeyə miras qalıb. Yunanıstanın Parfenon heykəllərinin geri qaytarılması istiqamətindəki təşəbbüslərini izləyən Enriko ailə yadigarını Afinaya qaytarmaq qərarına gəlib.

Aparılan araşdırma isə daşın əslində Parfenona aid olmadığını üzə çıxarıb. Çəkisi 1,2 kiloqram olan mərmər parçasının üzərində lotus çiçəyini xatırladan oyma naxışlar var. Mütəxəssislər bu ornamentin təxminən eramızdan əvvəl 570-ci ildə inşa edilmiş Hekatompedon məbədinin dam örtüyündəki suötürücü sistemin bəzəklərinə uyğun gəldiyini müəyyən ediblər.

Hekatompedon Afina Akropolunda inşa edilmiş ilk monumental məbəd hesab olunur. Parfenon isə ondan bir əsrdən çox sonra, eramızdan əvvəl 447-438-ci illərdə tikilib.

Bununla belə, Yunanıstan Mədəniyyət Nazirliyi mərmər parçasının Hekatompedona aid olmasını hələlik qəti təsdiqlənmiş fakt kimi təqdim etmir. Daşın Parfenonun yaxınlığında necə peyda olduğu və 1930-cu illərdə dənizçi tərəfindən hansı şəraitdə götürüldüyü də məlum deyil.

Hazırda tarixi fraqment Afinanın Qədim Abidələrin Mühafizəsi İdarəsinə təhvil verilib. Tapıntı dövlətin mühafizəsində saxlanılacaq və mənşəyinin dəqiqləşdirilməsi üçün əlavə elmi araşdırmalara cəlb olunacaq.

Samir
 

0