Piranhalar iti dişləri və güclü çənələri ilə dünyanın ən qorxulu balıqları arasında tanınır. Lakin qorxu filmlərində təsvir edilən bu yırtıcıların həyat tərzi reallıqda bir qədər fərqlidir. Belə ki, onların heç də hamısı canlı heyvanları ovlamaqla qidalanmır.
HİT.az xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri məlumat yayıb.
Məlumata görə, serrasalmidae fəsiləsinə aid olan piranhaların 60-dan çox növü mövcuddur. Onların əsas xüsusiyyətləri üçbucaq formasında olan iti dişləri və güclü çənələridir. Adi piranhanın, başqa sözlə, Natterer piranhasının bədən uzunluğu 50 santimetrə çata bilər.
Bu balıqların dişləri çənələr bağlandıqda qayçı bıçaqları kimi bir-birinə keçir. Maraqlıdır ki, piranhalar dişlərini ayrı-ayrılıqda deyil, bütöv bloklar şəklində dəyişirlər. Yeni dişlər köhnələrin altında böyüyür və müəyyən müddətdən sonra əvvəlkilər eyni vaxtda tökülür.
Xüsusilə qara piranha güclü dişləməsi ilə seçilir. Onun çənələrinin sıxılma qüvvəsinin Amerika alliqatorunun dişləməsindən təxminən üç dəfə çox olduğu bildirilir.
Piranhalar əslində nə ilə qidalanır?
Məşhur təsəvvürün əksinə olaraq, bu balıqların qidası yalnız canlı heyvanlardan ibarət deyil. Onlar kiçik balıqlar, xərçəngkimilər, həşəratlar, qurdlar və leşlə qidalanırlar. Menyularına toxumlar, meyvələr, su bitkiləri və yosunlar da daxildir.
Hətta bəzi piranha növləri demək olar ki, tamamilə bitki mənşəli qidalarla yaşayır. Məsələn, Braziliyanın Trombetas çayı hövzəsində yaşayan növlərdən biri yalnız çay yosunları ilə qidalanır.
Digər maraqlı xüsusiyyət isə Catoprion cinsinə aid balıqlarda müşahidə olunur. Onlar canlı balıqları öldürmədən üzgəclərindən və pulcuqlarından kiçik hissələr qopararaq qidalanırlar.
İnsanlar üçün nə dərəcədə təhlükəlidirlər?
Qırmızıqarın piranhalar adətən 20-100 fərddən ibarət qruplar halında yaşayırlar. Onların qoxu hissi yaxşı inkişaf edib və ovlarını bu vasitə ilə müəyyən edə bilirlər. Qrup halında hərəkət etmək həm qida əldə etməyə, həm də digər yırtıcılardan qorunmağa kömək edir.
Bununla belə, filmlərdə göstərilən kütləvi hücumlar nadir hallarda baş verir. Belə davranış daha çox aclıq və ya stress şəraitində müşahidə olunur.
Piranhaların insanlara hücumları da geniş yayılmış hadisə deyil. Əksər hallarda balıqlar bir dəfə dişləməklə kifayətlənirlər. Risk əsasən suyun səviyyəsinin aşağı düşdüyü, qida ehtiyatının azaldığı və ya balıqların yuvalarının narahat edildiyi dövrlərdə artır.
Piranhaların təbii yaşayış arealı Cənubi Amerikanın böyük hissəsini əhatə edir. Onlara Argentinanın şimalından Kolumbiyayadək olan ərazilərdə, xüsusilə Amazon hövzəsində rast gəlinir.
Son onilliklərdə bu balıqlar Böyük Britaniya, Çin və ABŞ-ın bəzi su hövzələrində də aşkarlanıb. Onların həmin ərazilərə akvarium sahibləri tərəfindən buraxıldığı bildirilir.
Maraqlıdır ki, piranhalar özləri də bir sıra heyvanların ovuna çevrilirlər. Kaymanlar, çay delfinləri, quşlar və iri yırtıcı balıqlar onları ovlayır. Braziliyanın Pantanal bölgəsində isə piranha ətindən hətta şorba hazırlanır.
Samir


