Misirdə yüzlərlə tabut və qızıl əşyanın olduğu qədim nekropol aşkarlandı

DÜNYA
23:13 / 20.11.2026
38

Misirin şimalında yerləşən Menufiyə vilayətində aparılan arxeoloji qazıntılar zamanı yüzlərlə tabutun, qızıl əşyaların və müxtəlif dəfn artefaktlarının olduğu qədim qəbiristanlıq üzə çıxarılıb.

HİT.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Misir Turizm və Qədim Abidələr Nazirliyinin açıqlamasında bildirilir ki, Ali Qədim Əsərlər Şurasının arxeoloji qrupu Əbu Bellu ərazisində apardığı tədqiqatlar zamanı geniş nekropol sahəsi aşkarlayıb.

Qazıntılar zamanı daş və keramikadan hazırlanmış tabutlar, taxta tabutların qalıqları, çiy kərpicdən tikilmiş günbəz formalı məzarlar və daxili hissələri əhəngdaşından qurulmuş qəbir tikililəri müəyyən edilib.

Misir Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Leysi bildirib ki, tapıntılar özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilir. İlkin araşdırmalar nekropolun əsasən orta gəlirli təbəqəyə mənsub insanların dəfn edildiyi yer ola biləcəyini göstərir.

Qazıntılara rəhbərlik edən Məhəmməd Əbdülbədii isə ərazidə Ptolemeylər krallığının erkən dövrünə, eləcə də daha qədim tarixi mərhələlərə aid məzarların bir arada yerləşdiyini bildirib.

Qızıl əşyalar və mumiyalama vasitələri tapılıb

Arxeoloji işlər zamanı yüzlərlə daş tabutla yanaşı, insan formasında hazırlanmış keramik tabutlar və insan qalıqları da aşkarlanıb. Məzar inventarları arasında qızıldan hazırlanmış dil fiqurları, sırğalar, boyunbağılar, amuletlər, böcək formasında talismanlar və dəfn heykəlcikləri yer alır.

Bundan başqa, mumiyalama prosesində istifadə edilən materiallar və qatran qalıqları da tapılıb. Ərazidə qurban və təqdim mərasimləri üçün nəzərdə tutulan qurbangahlar, əhəngdaşından hazırlanmış heykəl başları və keramik fiqurlar da üzə çıxarılıb.

Misirin turizm və qədim abidələr naziri Şərif Fəthi hesab edir ki, bu kəşf qədim Misir sivilizasiyasının və həmin dövrün dəfn adətlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Ərazidə qazıntı və sənədləşdirmə işlərinin davam etdirildiyi bildirilir.

Samir

0