Kaliforniya sahillərində dənizin təxminən 600 metr dərinliyində qeyri-adi görünüşü ilə seçilən nadir balıq – kiçik ağızlı makropinna (Macropinna microstoma) yüksək keyfiyyətli 4K formatında görüntülənib.
HİT.az xəbər verir ki, görüntüləri Monterey Körfəzi Akvariumunun Elmi-Tədqiqat İnstitutunun (MBARI) alimləri yayımlayıblar.
Balıq sahildən təxminən 90 kilometr məsafədə, sualtı tədqiqat aparatı “Doc Ricketts”in hərəkəti zamanı aşkarlanıb. Tədqiqatçılar aparatı dayandıraraq makropinnanı təxminən 20 dəqiqə müşahidə ediblər. Həmçinin onun üçölçülü görüntülərini əldə etmək mümkün olub.
Makropinnanı digər balıqlardan fərqləndirən əsas xüsusiyyət başının üst hissəsindəki şəffaf örtük və həmin örtüyün altında yerləşən boruşəkilli gözləridir. Yaşıl çalara malik bu gözlər balığa dərinliklərdə zəif işıq şəraitində ətrafı müşahidə etməyə imkan verir.
Alimlərin sözlərinə görə, makropinna əvvəlcə gözlərini yuxarı istiqamətləndirərək suyun içində hərəkətsiz vəziyyətdə ovunu izləyə bilir. Ovunu aşkar etdikdə isə gözlərini önə çevirərək onun hərəkətini izləyir.
Şəffaf baş örtüyünün isə balığın meduzaların qohumu olan sifonoforların qolları arasından kiçik xərçəngkimiləri götürərkən gözlərini mümkün zədələrdən qoruduğu ehtimal edilir.
Tədqiqatçıların diqqətini çəkən digər məqam bu balığın olduqca nadir hallarda müşahidə olunmasıdır. MBARI komandası təxminən 40 il ərzində həyata keçirdiyi 7 minə yaxın sualtı eniş zamanı makropinna ilə cəmi 11 dəfə qarşılaşıb.
Alimlər hesab edirlər ki, yeni görüntülər balığın təbii mühitdə davranışını, görmə orqanlarının quruluşunu və ovlanma xüsusiyyətlərini daha yaxşı öyrənmək baxımından əhəmiyyətlidir.
Samir


