Fransanın şimal-şərqində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1700 il əvvələ aid 40 mindən çox Roma imperiyası sikkəsi aşkarlanıb. Tapıntılar üç ayrı saxlanc yerində, xüsusi qabların içərisində aşkar edilib.
HİT.az xəbər verir ki, bu barədə "Genbeta" nəşri məlumat yayıb.
Arxeoloji işlər ölkənin Lotaringiya bölgəsində, Meza departamentində yerləşən Senon yaşayış məntəqəsində aparılıb. Ərazidə evin genişləndirilməsi ilə əlaqədar 1500 kvadratmetr sahədə qazıntı həyata keçirilib. Tədqiqatçılar burada qədim yaşayış evlərinin, küçələrin və daş karxanalarının qalıqlarını da üzə çıxarıblar.
Ən diqqətçəkən tapıntı isə içərisində minlərlə sikkə olan iki böyük qab olub. Birinci qabda təxminən 23-24 min sikkə aşkarlanıb və onun ümumi çəkisi 38 kiloqram təşkil edib. İkinci qabdan isə 18-19 min sikkə çıxarılıb. İçindəkilərlə birlikdə bu qabın çəkisi təxminən 50 kiloqram olub.
Üçüncü saxlanc yerində isə cəmi üç sikkə qalıb. Arxeoloqlar hesab edirlər ki, həmin qab qədim dövrlərdə ərazidən götürülüb və içərisindəkilər çıxarılıb.
Alimlərin araşdırmasına əsasən, sikkələr eramızın 280-310-cu illəri arasına aiddir. Onların arasında Qalliya imperiyası ilə əlaqəli hökmdarlar Viktorinin, I Tetrikin və II Tetrikin təsvirləri olan nümunələr də var.
Qabların yaşayış evlərinin daxilində, döşəməyə yaxın qazılmış xüsusi quyularda yerləşdirilməsi də diqqət çəkib. Bu, sakinlərin ehtiyac yarandıqda pulları asanlıqla götürə və ya yenilərini əlavə edə bilməsi üçün düşünülmüş üsul ola bilər.
Arxeoloqlar ərazidə daş tikililər, sobalar, həyətlər və əhəngdaşı karxanalarının izlərini də müəyyən ediblər. Tapıntılar həmin yaşayış məntəqəsinin sakinlərinin nisbətən imkanlı olduğunu göstərir. Ehtimal edilir ki, burada sənətkarlar və ya tacirlər yaşayıb.
Tədqiqatçılar hesab edirlər ki, aşkarlanan sikkələr həmin dövrdə bölgədəki iqtisadi həyat və insanların gündəlik fəaliyyəti barədə mühüm məlumatlar verə bilər.
Samir


