Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

DÜNYA
03:00 / 14.06.2020
2153

Amerika yazıçısı, kirli realizmin məşhur nümayəndəsi Reymon Karverin özü qədər məşhur kitablarından biri belə adlanırdı: “Sevgidən danışanda nələrdən danışırıq?” Mən də həmin kitabın adındakı məntiqlə hal-hazırda yaşayan bir neçə çağdaş filosofun koronavirusdan danışarkən nələri müzakirə etdiyini icmallaşdırmağa çalışacağam.

Zizek, 2013-cü il. Flickr/Simon Plestenjak

Sloveniyalı marksist filosof Slavoy Jijek (Zizek) ötən həftələrdə çap olunan “Koronavirus kapitalizmə “Kill-Billvari” zərbədir, kommunizmin yenidən kəşf edilməsinə rəvac verə bilər” adlı məqaləsində yazır ki, bu virus cəmiyyətdə üzə çıxmağa hazır olan başqa virusları da aktivləşdirdi: saxta xəbərlər, paranoik konspirasiyalar, irqçilik… Filosof deyir ki, bəlkə başqa, daha faydalı bir ideoloji virusun yayılmasına ümid etmək vaxtıdır: milli dövlətlərdən daha üstün olan, qlobal həmrəylik və yardımlaşma formasında özünü göstərən bir cəmiyyət arzusu. Jijek yazır ki, xeyli adam Çernobıl fəlakətinin sovet kommunizminin sonunu gətirməsi kimi, bu virusun da Çindəki kommunist rejimi bitirəcəyindən danışır, mən isə əksini düşünürəm, koronavirus bizi cəmiyyətə və elmə söykənən daha fundamental yeni bir kommunizm modeli icad etməyə apara bilər.

Filosof məqaləsində Kventin Tarantinonun “Kill Bill – 2” filminin final səhnəsində Uma Turmanın “Beş nöqtə zərbəsiylə ürəyi partlatmaq” fəndini tətbiq edərək düşmənini öldürməsinə referensla deyir ki, bu məşhur döyüş fəndinin cazibədarlığı zərbə anı ilə ölüm anı arasındakı zamandır. Əgər yerindən tərpənmirsənsə, yaşamağa davam edirsən, elə ki, hərəkət etməyə başladın, ürəyin dayanır. Jijekin fikrincə, Çindəki rejimin çökəcəyinə inananlar, elə bil, ona bu zərbədən vurulduğuna inanırlar. Filosof yazır ki, məncə, koronavirus qlobal kapitalizmə vurulmuş “beş nöqtə” zərbəsidir. Jijek məqaləsinin sonunda İranın səhiyyə nazirinin mətbuat açıqlamasında epidemiyanı ciddiyə almadığını deməsindən sonra virusa yoluxmasını və ardınca səsləndirdiyi “bu virus varlı-kasıb, dövlət böyüyü, sıradan vətəndaş ayırmır” fikrini təkrarlayaraq deyir ki, bəli, hamımız eyni gəmidəyik, öz mənfəətimizdən vaz keçməli, qlobal koordinasiyaya can atmalıyıq.

İtalyalı filosof Ciorcio Aqamben “Covid-19: əsaslandırılmamış təcili vəziyyətin istisna halı” adlı məqaləsi yaxın ayların ən çox müzakirə edilən, rezonans yaradan yazısıdır. Əslində, yazının bundan sonrakı hissəsində fikirlərinə nəzər salacağımız filosfların əksəriyyəti bu və ya digər dərəcədə Aqambenlə polemikaya girirlər. Son günlər bizdə də sosial şəbəkə səviyyəsində müzakirə olunan “karantin, dövlət müdaxiləsi” məsələlərinin əksəriyyətinə daha işlək intellektual alətlərlə nüfuz etmək üçün Aqambenin “Fövqəladə hal” (yaxud “İstisna hal”) və “Müqəddəs insan” kitablarına nəzər salmaq lazımdır. Faktiki olaraq, yazımızın mərkəzi fiquru Aqambendir deyə, onun xırda yazısına keçməmişdən qabaq fəlsəfi sisteminin açar məqamlarına göz atmaqda fayda var. Agamben öz fəlsəfi sisteminin əsasına yerləşdirdiyi “istisna halı”, yaxud “fövqaladə hal, fors-major” anlayışını XX əsrdəki hüqur, zorakılıq və siyasət arasındakı əlaqəni araşdıran filosofların üzərində qurub. Filosofun fikrincə, ötən əsrdə sözügedən mövzuyla bağlı aşkar olmayan, amma bir-biriylə altdan-alta polemika aparan iki müəllif olub: qalmaqallı filosof Karl Şmit və Valter Benyamin.

Giorgio Agamben. Copyright: LeonardoxCendamo/Leemage

Tarixə çox da ekskurs etmədən, sadə dildə desək, “fövqəladə hal” anlayışı konsitutsiyanın, qanunların müvəqqəti, yaxud qalıcı şəkildə iqtidarın lehinə mötərizəyə alınmasını, keçərsizləşdirilməsini bildirir. Anti-liberal mövqedən çıxış edən Karl Şmit fikirləşirdi ki, fikir və düşüncə müxtəlifliyi dövlətin möhkəmliyinə, hamını əhatə edəcək qərarlar almasına ziyan vurur. Modern siyasət fəlsəfəsi dövlətin bəşəri ideallara və ağlın təsbit etdiyi normativlərə sadiq olmasını əsas götürür, yəni təxminən insan mahiyyətcə yaxşıdır, xeyirdir və yaxşı idarəçilərlə yaxşı cəmiyyət qurmaq olar fikri prioritetdir; Şmit isə bunun əksini düşünürdü, yəni insan mahiyyətcə pisdir, şərdir, nə vaxt nə edəcəyi qeyri-müəyyəndir və onu cilovlamaq, nəzarətdə saxlamaq lazımdır, çıxış yolu isə teologiyaya geri qayıtmaqdadır. Şmit öz nəzəriyyəsini siyasi teologiya adlandırırdı. O deyirdi ki, dominant güc fövqəladə vəziyyətə qərar verəndir və iddia edirdi ki, bu vəziyyəti hüquqla bir yerdə təsəvvür etmək lazımdır, çünki hakimi-mütləqin, dominantın olduğu yerdən baxanda onların arasında heç bir ziddiyət yoxdur. Şmit diktatorluq tərəfdarıydı. Aqamben düşünür ki, XX əsrin görkəmli filosoflarından sayılan Valter Benyamin əsas kitablarından biri olan “Zorakılığın tənqidi”ndə Şmitin fikirlərinə cavab verib. Tələbəlik vaxtı böyük maraqla oxuduğum Benyaminin fəlsəfəsini icmallaşdırmaq cəhdi ayrıca yazının işidir. Qısaca deyim ki, Valter Benyamin cəmiyyətin hər instansiyasında həmişə mövcud olacaq hipotetik zorakılıq aktları qarşısında son sözü hüququn deməli olduğuna inanır, istisna hallarının yaratdığı “qısaqapanma” anları da buna daxildir.

Gələk günümüzə və Aqambenə. İtalyalı filosof böyük rezonans doğuran yazısının əvvəlində hipotetik, ehtimali koronavirus pandemiyası ilə bağlı yaradılan panikanı yersiz hesab edir, çünki İtalya Milli Araşdırmalar Mərkəzinin açıqladığı sənəddə yazılıb ki, virusun dinamikası 80-90 faiz yüngül və orta qrip kimi, 10-15 faiz ağciyər iltihabı ehtimalı olan, 4 faiz isə reanimasiyaya ehtiyac olacaq formada görünür. Filosof soruşur ki, əgər bu rəqəmlər həqiqətdirsə, niyə belə panika yaradırlar? Aqamben etiraz edir ki, dövlət əlinə düşən ilk fürsətdən istifadə edərək “fövqəladə hal” elan etmək haqqını hardan alır? Yazının davamında filosof azadlıqları məhdudlaşdıracaq punktları sadalayır və deyir ki, bu hal gətirib ona çıxara bilər ki, hökumətlərin diqtəsiylə insan azadlıqlarını məhdudlaşdıran tədbirlər elə həmin hökümətlər tərəfindən yaradılan güvənlik arzusu naminə qəbul ediləcək, bu isə sapqın bir qapalı dövriyyədir. Aqambenin yazısı çıxan kimi xeyli etiraz gəldi ki, bu, sol paranoyadır, yaxud Fukonun bio-politika anlayışının radikal formasıdır. İtaliyalı filosofun açdığı polemikaya Jan Lyuk Nensi, Roberto Esposito, Cudit Batler kimi filosoflar da qoşuldular. Aqamben birinci yazısında demək istədiyi bəzi məqamları ifadə etmək üçün “Bir sual” adlı ikinci yazısını çap etdirdi. Burda filosof deyir ki, mən indi baş verənləri təkcə gerçəklik kimi yox, həm də metafora kimi götürürəm və gələcəkdə yarana biləcək katastrofları düşünməyə çalışıram. Məsələn, sosial məsafə təkcə tibbi tədbir deyil, həm də metaforadır, gələcəkdə “istisna halı” normal qəbul edilsə, legitimlik qazansa, onda sosial məsafə sağ qalmağın yeganə normativi olacaq və bu heç də xoşagələn gələcək modeli deyil. Filosof demək istəyir ki, mən təkcə olanla bağlı sual vermirəm, mümkün pis variantları da düşünməyə təşviq edirəm ki, “istisna hal”a görə nələri itirə biləcəyimizi düşünək. Yazının son cümləsi filosofun bütün fikirlərini açıq şəkildə ifadə edir: “Onlara xatırlatmaq istəyirəm: yaxşını xilas etmək üçün yaxşıdan əl çəkməli olduğumuzu deyən norma azadlığımızı qorumaq üçün azadlıqdan əl çəkməli olduğumuzu iddia edən norma qədər yanlış və ziddiyyətlidir.”

Jan Lyuk Nensi / usefulstooges.com

Fransız filosof Jan Lyuk Nensi qədim dostu Aqambenə cavab olaraq yazdığı “Viral istisna” adlı yazıda deyir ki, onun nəyi işarə vurduğunu başa düşürəm, fəqət indiki vəziyyətdə söhbət viral istisnadan gedir ki, bu da pandemiyadır. Loru dildə desək, mədəni şəkildə dostuna deyir ki, malı mala qatma. Nensi kiçik yazısının sonunda maraqlı bir xatirəsini bölüşür: otuz il qabaq həkimlər mənə dedilər ki, ürək əməliyyatı olmalıyam, Aqamben mənə “onlara qulaq asma” deyən iki-üç nəfərdən biriydi. Əgər dostumun sözünə qulaq assaydım, yəqin ki, çoxdan ölmüşdüm.

İtaliyalı filosof Roberto Esposito həm Aqambenə, həm də Nensiyə cavab olaraq yazdığı “Tamamilə müalicə edilənədək” adlı yazısında deyir ki, Nensi bio-politika anlayışına müxalif olduğu üçün məsələni ayrı müstəviyə çəkir. Filosofun fikrincə, Fukonun ötən əsrdə bizə öyrətdiyi kimi, politikanın və biologiyanın get-gedə problemli, tragik nəticələr doğuracaq şəkildə iç-içə keçməsini unutmamaq şərtiylə, vəziyyəti çox da dramatikləşdirmək lazım deyil. Filosof Aqambenin fikirlərinə eyhamla deyir ki, məncə, aktual, güncəl hadisələrlə uzun perspektivdə baş verə biləcəkləri ayrı-ayrı analiz etmək lazımdır.

Youtube. “Italian Incompleteness: A Lecture by Roberto Esposito”

Amerikalı post-strukturalist filosof Cudit Batler “Kapitalizmin sərhədləri var” adlı yazısında deyir ki, virus ayrı-seçkilik etməsə də, irqçilik, qonşuları həqir görmə, radikal millətçilik, LGTB üzvlərini alçaltmaq fürsəti kimi tendensiyalar hakimiyyətinin ömrünü uzatmaq istəyən Tramp kimi adamların əlinə girəvə verir. Filosof Trampın alman şirkəti “CureVac”ın hazırladığı peyvəndin lisenziyasını nəğd pulla almağa çalışmasını xatırladaraq yazır ki, “görəsən Trampın fikrində nəv var?” soruşmağın mənası yoxdur. Çünki bu sual çarəsizlik içində o qədər təkrarlanıb ki, artıq təəccüb doğurmur. Filosof deyir ki, normal adam gərək Trampın “başqalarından əvvəl Amerikalıları” qorumaq adı altında peyvəndi almağa çalışmasına həyəcanlanmasın. Yaxşısı, universal, qlobal, planetar miqyasda həmrəylik çağırışlarının ABŞ yenidən canlandırdığı ictimai hərəkatların şəfqətli tezislərini diri tutmağa çalışmaqdır.

Son hadisələr göstərdi ki, bizim çayxana söhbəti, qəzeti məqaləsi səviyyəsindən daha dərin, daha konseptual, daha çox loqosa söykənən predmetli müzakirələrə ehtiyacımız var. Güclü dövlət və azad vətəndaşlar olmağın başqa yolu yoxdur.

0
Azlogos.eu