“4500 vətəndaşdan 21 nəfər ictimai işə razılaşdı” - Sahil Babayev

00:39 / 10.05.2020
1427

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 250 manatlıq ictimai iş təklifinə cəmi 21 nəfərin müsbət cavab verməsindən danışıb.

Nazir “REAL TV”yə açıqlamasında vətəndaşlara birdəfəlik ödənişlə bağlı imtina göndərilməsinin səbəblərini də açıqlayıb:

“Haqqı ödənilən ictimai iş qat-qat üstündür. Burada əmək müqaviləsi var, vətəndaşın sosial sığortası, işsizlikdən sığortası ödənilir, onun gələcək pensiya təminatı yaranır və bu insan işləməyə başlayır. Digər tərəfdən, bu, aktiv məşğulluq tədbiridir, 190 manat isə passiv məşğulluq tədbiridir. Passiv məşğulluq tədbiri getdikcə portfel olaraq azalmalıdır və biz bu trendi koronavirus pandemiyası başlayana qədər tutmuşduq. Əksər insanları işsizlik müavinəti və sığortasından, ünvanlı sosial yardımdan özünüməşğulluğa, haqqı ödənilən ictimai işlərə və digər proqramlara cəlb edirdik. Burada da məqsəd insanların əmək bazarına qazandırılmasıdır.

İmtina almış 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai işə razılaşdı. Bu onun göstəricisidir ki, həqiqətən, insanın o məbləğə ehtiyacı yoxdur. Ehtiyacı olan insan əməkhaqqı ilə işləməyə razı olardı.

İkincisi isə onun göstəricisidir ki, vətəndaş işləmək istəmir. Onun qeyri-formal işi, gəlir mənbəyi var, ona görə işləmək istəmir”.

1