Dondurma alanda nələrə fikir verək?

SAĞLAMLIQ
11:44 / 08.07.2026
178

Yay aylarında isti havanın təsiri ilə dondurma satışlarında nəzərəçarpacaq artım müşahidə olunur. 

İstehlakçıların seçim imkanları geniş olsa da, vitrində olan hər məhsulun keyfiyyətli və təhlükəsiz olduğunu demək mümkün deyil. Dondurmanın saxlanma şəraitinin pozulması və ya satış müddətinin uzanması sağlamlıq üçün risk yarada bilər. 

Bəs mağazadan dondurma alarkən hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır ki, həm keyfiyyətli, həm də təhlükəsiz məhsul seçilsin?

Qida mütəxəssisi Asim Vəliyev Hit.az-a açıqlamasında deyib ki, dondurma alarkən istehlakçı ilk növbədə məhsulun sağlamlıq üçün təhlükəsiz olub-olmadığını qiymətləndirməlidir:

403892

“Bunun üçün yalnız son istifadə tarixinə deyil, həm də qablaşdırmanın vəziyyətinə, məhsulun görünüşünə və saxlanma şəraitinə diqqət yetirilməsi vacibdir. Məhsulun üzərində buz təbəqəsinin və ya kristalların görünməsi onun temperatur rejiminin pozulduğuna işarədir. Belə əlamətlər dondurmanın müəyyən müddət əridikdən sonra yenidən dondurulduğunu göstərə bilər ki, bu da keyfiyyətə və təhlükəsizliyə mənfi təsir edir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dondurmaların satış və saxlanma prosesi fasiləsiz soyuq zəncir prinsipi əsasında həyata keçirilməlidir: 

“Temperaturun qısa müddətlik yüksəlməsi belə məhsulun fiziki quruluşunu dəyişdirə, mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarada bilər. Qablaşdırması şişmiş, cırılmış, yumşalmış və ya formasını itirmiş məhsulların alınması risklidir. Bu cür dəyişikliklər məhsulun düzgün saxlanılmadığını və ya daşınma zamanı temperatur dəyişikliyinə məruz qaldığını göstərir.

Keyfiyyətli dondurmanı müəyyənləşdirmək üçün etiketdəki inqrediyentlər siyahısını oxumaq vacibdir. Tərkib hissələri miqdarına uyğun ardıcıllıqla qeyd olunduğundan, siyahının əvvəlində süd və ya qaymağın yer alması məhsulun daha təbii tərkibə malik olduğunu göstərir”.

Ekspert onu da əlavə edib ki, dondurmanın alış-veriş səbətinə ən sonda əlavə edilməsi onun əriməsinin qarşısını almağa kömək edir: 

“Bu qayda məhsulun mağazadan evə qədər keyfiyyətini qoruması baxımından əhəmiyyətlidir. Ev şəraitində dondurma dərhal dondurucuya yerləşdirilməli və temperaturun ən aşağı olduğu hissədə saxlanmalıdır. Məhsulun əriməsinə yol vermək və sonradan yenidən dondurmaq tövsiyə edilmir”.

Günel Cəlilova

0