Böyüklərdə davranış pozuntuları nədən qaynaqlanır?

SAĞLAMLIQ
15:30 / 08.07.2026
216

“Davranış pozuntuları yalnız uşaqlıq dövrünə aid bir problem deyil”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzi insanlar yaşca böyüsələr də, emosional və davranış baxımından uşaqlıqda formalaşmış bəzi reaksiyaları yetkinlik dövrünə daşıyırlar: 


“Bunun əsas səbəbi odur ki, yaş artdıqca insan avtomatik olaraq psixoloji cəhətdən də yetişmir. Uşaqlıq dövründə yaşanan travmalar, laqeydlik, zorakılıq, həddindən artıq sərt və ya əksinə, sərhədsiz tərbiyə, emosional ehtiyacların qarşılanmaması, valideyn münasibətlərindəki problemlər uşağın şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir”.

Ekspert qeyd edib ki, həll olunmamış psixoloji problemlər zamanla yox olmur:
“Əgər bu problemlər vaxtında həll olunmazsa, onlar böyüklük dövründə aqressiv davranış, impulsivlik, məsuliyyətdən qaçma, manipulyasiya, yalan danışma, qaydalara əməl etməmək, empatiya çatışmazlığı və münasibətlərdə davamlı çətinliklər kimi özünü göstərə bilər. 

Bir çox insan düşünür ki, böyüdükcə hər şey düzələcək. Halbuki, həll olunmamış psixoloji problemlər zamanla yox olmur, əksinə insanın xarakterinin və davranış modelinin bir hissəsinə çevrilə bilər. Buna görə də bəzi böyüklərdə uşaqlıq dövrünə xas davranış pozuntuları müşahidə edilir”.

Psixoloq sözegedən pozuntudan xilas yollarından da danışıb:
“Bu vəziyyətdən çıxış yolu ilk növbədə problemin fərqinə varmaq və onu qəbul etməkdir. Daha sonra peşəkar psixoloji qiymətləndirmə aparılmalı, davranışın kökündə duran səbəblər araşdırılmalıdır. Fərdi psixoterapiya, xüsusilə uşaqlıq travmalarının işlənməsi, emosiyaların tənzimlənməsi, sağlam davranış modellərinin formalaşdırılması və düşüncə tərzinin dəyişdirilməsi bu prosesdə mühüm rol oynayır.

Unutmaq olmaz ki, davranış pozuntusu insanın xarakteri deyil, dəyişdirilməsi mümkün olan bir davranış modelidir. Erkən müdaxilə daha sürətli nəticə versə də, yetkin yaşlarda da düzgün psixoloji dəstəklə müsbət dəyişiklik əldə etmək mümkündür”.

Pərviz

0