Türkiyəyə “F-35” veriləcək, yoxsa Konqres yenə mane olacaq?

DÜNYA
16:32 / 08.07.2026
182

ABŞ ilə Türkiyə arasında son illərdə müdafiə sahəsində yaranmış gərginliyin əsas mövzularından biri olan “F-35” qırıcıları məsələsi yenidən gündəmə gəlib. 

ABŞ Prezidenti Donald Tramp Ankaraya səfəri zamanı Türkiyəyə tətbiq olunan sanksiyaların aradan qaldırılacağını bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da “F-35”lərin təhvil verilməsi ilə bağlı müsbət mesaj aldıqlarını açıqlayıb. 

Bununla belə, prosesin qarşısında yenə də ABŞ Konqresinin mövqeyi əsas sual olaraq qalır.

Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında deyib ki, ABŞ Prezidenti Türkiyənin F-35 proqramına qaytarılacağına əmin olduğunu bildirib: 

“Bununla yanaşı, Ağ Ev rəhbəri Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istiqamətində çalışacağını da bəyan edib. Lakin məsələ ondadır ki, söhbət 2020-ci ildə CAATSA (ABŞ-nin rəqiblərinə qarşı sanksiyalarla mübarizə aktı) çərçivəsində tətbiq olunan sanksiyalardan gedir və onların ləğvi birbaşa ABŞ Konqresinin iradəsindən asılıdır. 

Həmin sanksiyalar Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasının ardından tətbiq edilib. İndiyədək bu məsələ Ankara ilə Vaşinqton arasında dəfələrlə müzakirə olunsa da, konkret nəticə əldə olunmayıb. Bununla belə, Donald Tramp Türkiyəyə və onun Prezidentinə xüsusi rəğbət bəslədiyini və sözügedən problemin həlli üçün səy göstərəcəyini bildirib”.

Lakin ekspert diqqətə çatdırıb ki, ABŞ qanunvericiliyinə əsasən, Prezident Konqres tərəfindən qəbul edilmiş qanunu təkbaşına ləğv edə bilməz:
“Buna görə də məsələ Konqresin gündəliyinə çıxarılmalı və müvafiq qərar qəbul edilməlidir. Türkiyəyə qarşı CAATSA sanksiyaları 2020-ci ilin dekabrında tətbiq olunub. Türkiyə isə bundan əvvəl – 2019-cu ildə Rusiyadan S-400 sistemləri aldığına görə “F-35 Lightning II” proqramından çıxarılıb. Buna görə də sanksiyaların ləğvi avtomatik olaraq Ankaranın yenidən proqrama qaytarılması demək deyil”.

Siyasi şərhçi hesab edir ki, bu məsələdə Türkiyəyə qarşı müəyyən ədalətsizlik edilib: 

“Çünki Türkiyə “F-35” proqramının tərəfdaşlarından biri olub və layihəyə milyardlarla dollar vəsait yatırıb. Hazırda Ankara ya proqram çərçivəsində payına düşən 5 ədəd “F-35” qırıcısının təhvil verilməsini, ya da yatırdığı vəsaitin geri qaytarılmasını tələb edir. Lakin ABŞ indiyədək bu tələblərin heç birini yerinə yetirməyib. Hesab olunur ki, çıxış yollarından biri Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması və ya Rusiyaya geri qaytarması ola bilər”.

Həmsöhbətimiz əlavə edib ki, Vaşinqton siyasi iradə nümayiş etdirdiyi təqdirdə, bu məsələnin həlli mümkündür:

“Əgər ABŞ administrasiyası istəsə, Türkiyəyə “F-35” qırıcılarının verilməsi istiqamətində qərar qəbul oluna bilər. Digər tərəfdən, erməni lobbisinin də bu prosesə təsir imkanları var. Nəzərə almaq lazımdır ki, ABŞ-də qarşıdan Konqresə aralıq seçkilər gəlir. 

Demokratlar üstünlük qazanacağı təqdirdə, Türkiyənin “F-35” proqramına qayıtması ilə bağlı daha ciddi maneələrin yaranacağı istisna edilmir. Çünki demokratların siyasi düşərgəsində erməni lobbisinin təsiri daha güclü hesab olunur və bu qüvvələr Türkiyəyə qarşı mövcud məhdudiyyətlərin saxlanılmasına çalışa bilərlər.

Hesab edirəm ki, Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan anlaşma mühüm siyasi addımdır. Türkiyə bu fürsətdən istifadə edərək S-400 sistemlərini öz hərbi arsenalından çıxarsa, “F-35” proqramına qayıtmaq şansını əhəmiyyətli dərəcədə artıra bilər”.

Günel Cəlilova

0