Yay aylarında necə qidalanmalıyıq?

SAĞLAMLIQ
10:42 / 09.07.2026
248

“Yay mövsümündə qidalanma vərdişlərimiz dəyişir”.

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, yay aylarında temperatur yüksək olduğuna görə su içmə ehtiyacımız daha çox olur:


“İsti havalarda tez-tez susuzluqdan əziyyət çəkən orqanizm üçün birinci növbədə su miqdarı düzgün şəkildə qəbul olunmalıdır. Bu da hər kiloqram bədən çəkisinə görə 0,30 milli hesablanır. Əgər tərləməyə çox məruz qalınır və ya daha çox idmanla, fiziki aktivliklə məşğul olunursa, bu miqdarı 1-2 stəkan şəklində artırmaq olar. 

Bəzən yetəri qədər su qəbul olmadıqda və istinin də təsirindən baş ağrısı, yorğunluq, narahatlıq, diqqət əksikliyi baş verir. Bu səbəbdən də su qəbulunu doğru şəkildə tənzimləmək yayda sağlam həyat tərzinin vacib amillərindən hesab olunur”. 

Ekspert qeyd edib ki, yayda insanlar daha çox tərləməyə məruz qaldıqlarına görə orqanizmdə vitamin-mineralların azalması baş verir:
“Belə olan halda isə sadə su ilə yanaşı, təbii mineral sulardan da istifadə etmək olar. Eyni zamanda, təbii mineral qaynaqlı qazlı suların da qəbulu mümkündür. Çünki onlarda mineral dəyəri daha yüksəkdir, bu da itirilmiş mineralların bərpa olunması üçün daha önəmlidir. 

Bəzən insanlar kifayət qədər su içmədikdə aclıq hissini susuzluqla qarışdırırlar. Beləcə daha çox qida qəbul etməyə başlayır ki, bu da orqanizmin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Ona görə mütləq şəkildə su qəbulu önəmlidir”. 

Həmsöhbətimiz əlavə edib ki, yayda daha tez həzm olunan yüngül qidalara üstünlük vermək lazımdır: 
“Ağır kalorili, yağlı, qızardılmış, həddindən artıq şirin və ya duzlu, acılı, şorabalar, konservləşdirilmiş qidaların qəbulu nə qədər azaldılsa, o qədər sağlamlıq üçün daha faydalı ola bilər. Nəzərə almaq lazımdır ki, həmin qidalar daha çox susuzluq yaradır. Həddindən artıq su qəbulunda isə böyrəklərin yüklənməsi nəticəsində sağlamlıq üçün ciddi fəsadlar yarana bilər. 

Bundan başqa, yay aylarında yerli və mövsümü meyvə-tərəvəzləri qəbul etmək hər qida qəbulunda da önəmli hesab olunur. Lakin onların hər birinin yaxşı şəkildə yuyulması mütləqdir. Şirin meyvələr günün birinci yarısında, neytral meyvələr isə günün ikinci yarısında qəbul olunmalıdır. 

Hər qida qəbulunda mövsümü tərəvəzlərdən istifadə etmək olar. Xüsusilə də yay mövsümünün meyvə-tərəvəzlərinin tərkibinin 70-80 faizi mayedən ibarət olduğuna görə onların davamlı olaraq həm asan həzm olunmasına, həm də susuzluğun aradan qalxmasına da kömək ola bilər”. 

Mütəxəssis vurğulayıb ki, yay mövsümündə yuxu rejiminə də diqqət etmək lazımdır:
“Çünki həm havanın isti olması, həm də günlərin uzunması yuxu rejimini ciddi şəkildə pozur. Bu da daxili orqanların funksiyasının pozulmasına və müxtəlif sağlamlıq risklərinə gətirib çıxarır. Otaq temperaturunu yatmadan əvvəl 20-24 dərəcə arasında saxlamaq və yatmamışdan öncə ən azı 2-3 saat ağır yeməklər qəbul etmək yaxşı olar.

Xüsusilə də keyfiyyətli yuxu üçün yaşa görə 7 saatdan 9 saata qədər yatmaq önəmlidir. Axşam saat 23:00 – 23:30 radələrindən sonra yatmaq sağlamlıq cəhətdən daha düzgün hesab olunur. Əgər bütün bu hallara diqqət olunmasa, səhhətinizdə problemlər yarana bilər”.

Pərviz

0