İranla ABŞ arasında yenidən genişmiqyaslı müharibə başlayır?

DÜNYA
13:34 / 09.07.2026
175

Son aylarda Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda İran və ABŞ arasında münasibətlər yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. 

Qarşılıqlı sərt bəyanatlar, hərbi hazırlıqla bağlı xəbərlər və regionda artan təhlükəsizlik riskləri iki ölkə arasında genişmiqyaslı əməliyyatların yenidən başlaya biləcəyi ehtimalını gündəmə gətirir. Son olaraq iki ölkə arasında atəşkəs rejiminin pozulması və qarşılıqlı hücumlar vəziyyəti daha da gərginləşdirib.

Bəs hazırkı vəziyyət İranla ABŞ arasında yenidən genişmiqyaslı əməliyyatlar başlamasına səbəb ola bilər?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli Hit.az-a açıqlamasında deyib ki, hazırkı mərhələdə ABŞ ilə İran arasında genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı yüksək deyil:

404022

“Çünki hər iki tərəf belə bir müharibədə maraqlı görünmür. Bununla belə, vaxtaşırı qarşıdurmaların baş verməsi istisna edilmir. Səbəb isə tərəflər arasında bir sıra mühüm məsələlər üzrə hələ də razılığın əldə olunmamasıdır. Bu vəziyyət regiondakı təhlükəsizlik mühitinə ciddi təsir göstərməkdə davam edəcək”.

Ekspert qeyd edib ki, məhz buna görə də ötən ay əldə edilmiş atəşkəs razılaşmasını tam sabit və uzunmüddətli hesab etmək çətindir:

“Düşünürəm ki, mövcud vəziyyəti nə tam sülh, nə də açıq müharibə kimi qiymətləndirmək mümkündür. Regionda ABŞ və İranın geosiyasi maraqları ciddi şəkildə toqquşur. Bu maraq toqquşması o qədər dərin xarakter daşıyır ki, uzun illər ərzində tərəflər arasında davamlı və hərtərəfli sülhün əldə olunmasını çətinləşdirir”.

Günel Cəlilova

0