Dəniz ekosisteminin ən sirli sakinlərindən olan qurbağa balıqları qeyri-adi fiziki xüsusiyyətləri ilə diqqət çəkir. Parlaq rəngləri və ya estetik naxışları ilə deyil, daha çox qorxuducu görünüşü ilə seçilən bu canlılar təbiətin ən maraqlı yaradılış nümunələrindən biridir. Sanki göyə baxan gözləri və iti dişlərlə dolu iri ağızları ilə tanınan təxminən 51 növ qurbağa balığı okeanların dibində yaşayır.
HİT.az xəbər verir ki, qurbağa balıqları gün ərzində qumun altında gizlənərək ovlarını səbirla gözləyirlər. Onlar ovçu olduqlarını məharətlə gizlədirlər. Diqqətsiz balıq və ya onurğasız canlı yaxınlıqdan keçən kimi ağızlarını qəfil açaraq vakuuma bənzər güclü sorucu təsir yaradır və ovlarını bir anda udurlar.
Qida çatışmazlığı zamanı isə bəzi növlər fərqli üsula əl atır. Onlar ağız boşluğunun daxilində yerləşən və dil kimi çölə çıxara bildikləri xüsusi dəri çıxıntısından yem kimi istifadə edirlər. Hərəkətli bu çıxıntı ətrafdakı balıqları cəlb edir və onları birbaşa açıq ağızın içinə yönəldir.
Qurbağa balıqlarının müdafiə mexanizmləri də ov üsulları qədər təsirlidir. Xüsusilə ağ kənarlı növlərin bədənində yaxınlaşan təhlükələrə qarşı istifadə etdikləri çox ağrılı tikanlar var. Bu tikanlar insanda güclü ağrı yaratsa da, adətən ölümcül olmur.
Bundan əlavə, bəzi növlər təxminən 50 volt gücündə elektrik cərəyanı yarada bilir. Tədqiqatçılar hesab edirlər ki, bu elektrik boşalması ov etməkdən daha çox yırtıcıları uzaqlaşdırmaq üçün formalaşmış müdafiə mexanizmidir.
Vəhşi təbiət fotoqrafı Pietro Formis Aralıq dənizində apardığı müşahidələr zamanı bu balıqların kamuflyaj qabiliyyətinin nə qədər yüksək olduğunu şəxsən müşahidə edib. Qumun dərinliyində mükəmməl şəkildə gizlənən bu canlıları tapmaq olduqca çətindir. Lakin bir dəfə aşkar edildikdə, ov cəlb etmək üçün istifadə etdikləri kiçik diləbənzər çıxıntı onları asanlıqla ələ verir.
Formis xəbərdarlıq edir ki, bu balıqlara toxunulduqda onlar qəfil hərəkətlə uzaqlaşa bilirlər. Qurbağa balıqlarına qütb bölgələrinin buzlu suları istisna olmaqla, dünyanın demək olar ki, bütün okeanlarında rast gəlinir.
Samir


