Məlum olduğu kimi, Milli Məclisin ötən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, “Ümumi təhsil haqqında” qanunda nəzərdə tutulduğu kimi, artıq müəllimlərin vahid geyim formasından istifadə etməsi ilə bağlı qərar qəbul olunub:

“Vahid geyim forması dedikdə konkret bir forma nəzərdə tutulmur. Sadəcə müəyyən standartlar müəyyənləşdiriləcək və müəllimlər həmin standartlara uyğun geyimlərdən istifadə edəcəklər. Bu isə müəllimlərin imicinin və nüfuzunun güclənməsinə, eyni zamanda tədris mühitinin daha səliqəli və peşəkar görünməsinə müsbət təsir göstərəcək”.
Ekspert hesab edir ki, bu qərar qəbul edilərkən müəllimlərin rahatlığı da mütləq nəzərə alınmalıdır:
“Geyim elə seçilməlidir ki, müəllim dərs zamanı rahat hərəkət edə bilsin, izahat verərkən, əyilib-qalxarkən hər hansı narahatlıq yaşamasın. Ümumi görünüş baxımından vahid geyim müəllimin nüfuzunun və peşəkar imicinin formalaşmasına müsbət təsir göstərəcək. Böyük Britaniya, Çin, Cənubi Koreya, Sinqapur və digər ölkələrdə də müəllimlər üçün vahid geyim standartları tətbiq olunur.
Məsələn, Çinin bəzi əyalətlərində müəllimlər eyni rəng çalarlarında geyinirlər ki, bu da estetik və nizamlı görüntü yaradır. Hesab edirəm ki, bu qərar həyata keçirilərkən müəllimin cəmiyyətdə fərqləndirilməsi və peşəsinin nüfuzunu daha aydın nümayiş etdirən yanaşmaya üstünlük verilməlidir”.
Günel Cəlilova


