“İnsan övladı empatiya qurmağı bacaran və başqalarının emosional vəziyyətini hiss edib, onu anlayan bir varlıqdır”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insan psixoloji baxımdan sosial canlıdır:
“Yəni, beynimiz başqalarının emosiyalarını müəyyən dərəcədə oxuya bilir, onun hansı hisslər keçirdiyini anlayır və buna uyğun reaksiya verir. Qarşımızdakı insanın mimikası, səs tonu və davranışı beynimizdə müəyyən emosiyalar yaradır. Buna görə də bəzən onun hisslərini sanki özümüz yaşayırıqmış kimi hiss edə bilərik”.
Psixoloq bəzən başqalarının ağrılarını və sevincini sanki özümüz yaşayırmışıq kimi hiss etməyimizin səbəblərindən danışıb:
“Sözsüz ki, bunun formalaşmasında uşaqlıq təcrübələrimiz də böyük rol oynayır. Yəni uşaqlıqda yaşadığımız hekayələr, böyüdüyümüz ailə və ətraf mühit, sevgi, anlayış və emosional dəstək bizə çox təsir edir.
Bir növ, böyüdüyümüz ailə şəraitinin bura böyük qatqısı var. Sevgi, anlayış və emosional dəstək görərək böyüyən insanlar adətən başqalarının hisslərini də daha yaxşı anlayırlar”.
Lakin ekspert vurğulayıb ki, həddindən artıq dərəcədə empatiya insanı yorur:
“Çünki başqasının ağrısını öz yükümüzə çevirmək insanda istər-istəməz bir müddətdən sonra emosional tükənməyə səbəb ola bilər. Buna görə də empatiya qurduğumuz zaman emosional sərhədlərə mütləq dərəcədə diqqət yetirməli, balansı qorumağı bacarmalıyıq.
Əgər anlayışlı, diqqətli və sevgi görən ailə, dostluq və ətraf mühitdə böyüyürüksə, empatiya qabiliyyətimiz daha çox olur və bunu rahat şəkildə formalaşdıra bilirik. Ancaq empatiya, sevgi və dəyər anlayışı nisbətən az olan və onu az görərək böyüyən insanlarda bu xüsusiyyət nisbətən az formalaşır. Təbii ki, gələcək zamanlarda həmin insan istədiyi vaxt bunu özündə təkmilləşdirib formalaşdıra bilər”.
Həmsöhbətimiz əlavə edib ki, sevinc, gülüş və həyəcan yoluxucudur:
“Yəni, qarşımızdakı insan xoşbəxt bir an yaşayırsa, biz də istər-istəməz həmin hissləri keçiririk. Həmçinin, özünü keyfsiz və kədərli hiss edirsə, ağır bir gündən keçirsə, biz də istər-istəməz o kədəri və ağırlığı hiss edirik.
Əslində, empatiya başqasının yerinə yaşamaq demək deyil. Empatiya qarşındakı insanın hisslərini anlamaq, onun duyğularını hiss etmək və bilməkdir. Eyni zamanda, o hisslərin qarşılığında qarşımızdakı insana ona uyğun yanaşmaq, yaxınlaşmaqdır”.
Nabat Mirzəyeva diqqətə çatdırıb ki, həmin insanın hisslərini anlayaraq onlara doğru addımlayırıq və istər-istəməz yanlarında ola bilirik:
“Çünki kömək etmək üçün ilk növbədə, öz emosional tarazlığımızı və sərhədlərimizi qorumalıyıq. Emosional sərhədlərimizi aşaraq, hadisələri həddindən artıq bir “yük” olaraq deyil, qarşımızdakı insanı anlayan biri kimi onun sevincinə və ağrısına şərik olan birisi olaraq yanında olmalıyıq.
Unutmayın, insanı insan edən təkcə düşünmək bacarığı deyil, başqasının hissinə toxuna bilməyi bacarmaqdır. Çünki empatiya qabiliyyəti zəiflik deyil, əksinə, insanlığa, sevgiyə, dəyərə və yaşanan hisslərə dəyər verən bir şəxsdir. Yəni empatiya bizi zəif yox, daha da humanist edir”.
Pərviz



