Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra yenə də ilk işgüzar səfərini Rusiyaya etdi.
Son zamanlarda iki ölkə arasında yaşanılan gərginlik fonunda Paşinyanın bu addımı olduqca diqqət çəkdi. Lakin o, Mosvkaya deyil, Yekaterinburqa getdi. Üstəlik, səfər çərçivəsində Ermənistanın Baş naziri Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilmədi. O, Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdü.
Maraqlıdır, Putin Paşinyanı nə üçün qəbul etmədi?
Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Hit.az-a açıqlama verib.
O bildirib ki, Putin Paşinyanı seçkidəki qələbə münasibətilə təbrik də etməyib:
“Çünki Rusiya ilə Ermənistan arasında kifayət qədər dərin böhran var. Bu böhran fonunda Putin Paşinyanla nəyi müzakirə edəcəkdi? Onsuz da aprelin 1-də Kreml tərəflər arasında gərgin bir müzakirə olmuşdu.
Nəzərə almaq lazımdır ki, Ermənistan öz siyasi orientasiyasını dəyişib və tamamilə Avropa ilə əməkdaşlıqda maraqlıdır. Rusiya ilə isə həm siyasi, həm də iqtisadi münasibətləri böhran vəziyyətindədir”.
Ekspert qeyd edib ki, artıq Avropa İttifaqı Ermənistan məhsulları üçün gömrük rüsumlarını aradan götürüb və bir çox güzəşt tətbiq edib:
“Belə olan təqdirdə, Ermənistan Avropa İttifaqına daha çox yaxınlaşacaq. Ona görə də Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşə maraqlı olmayıb. Görünür, Paşinyan da bu görüşün baş tutmasını istəməyib. Üstəlik, Ermənistan Baş nazirinin bu səfəri nəyisə dəyişmədi.
Sadəcə olaraq hələlik münasibətlər də ritorikadan o tərəfə keçmir. Düzdür, Rusiya iqtisadi müstəvidə Ermənistana sanksiyalar tətbiq edir. Lakin rəsmi İrəvan bu siyasəti davam etdirsə, Kreml daha da sərt tədbirlər əl ata bilər”.
Elmir Mustafa



