Kimlikdən imtinaya aparan səbəblər - Son 4 ildə 9095 müraciət

SOSİAL
16:14 / 09.07.2026
153

Ad, soyad və ata adı insanın hüquqi kimliyinin ayrılmaz hissəsi hesab olunur. 

Bununla belə, müxtəlif şəxsi, ailəvi, sosial və ya hüquqi səbəblərdən bəzi insanlar bu məlumatları dəyişdirmək qərarına gəlirlər. Azərbaycanda da son illər belə müraciətlərin sayı diqqət çəkir. Rəsmi statistikaya görə, son 4 il ərzində 9095 nəfər adını, soyadını və ya ata adını dəyişdirib. 

Bəs vətəndaşları bu qərarı verməyə vadar edən əsas səbəblər nələrdir?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a açıqlamasında deyib ki, əvvəllər Azərbaycanda ad, soyad və ya ata adının dəyişdirilməsi hallarına çox nadir rast gəlinirdi:

404030

“Çünki bu, cəmiyyətimiz üçün xarakterik hal hesab olunmurdu. Digər xalqlarla müqayisədə bizdə ad, soyad və ya ata adının dəyişdirilməsi tək-tük hallarda baş verirdi. Lakin son illərin statistikası göstərir ki, öz adı, soyadı və ya ata adı ilə bağlı dəyişiklik edənlərin sayı getdikcə artır. Bunun həm subyektiv, həm də obyektiv səbəbləri var. 

Qarışıq ailələrdə böyüyən bəzi övladlar zaman keçdikcə müəyyən narahatlıq hiss edir, ali təhsil müəssisəsində, iş yerində və ya sosial mühitdə ad və soyadlarına görə diskomfort yaşayırlar. Əvvəllər də dilimizə və milli ənənələrimizə uyğun olmayan adlar qoyulurdu. 

Məsələn, Traktor, İnqilab, Kolxoz kimi adlara rast gəlinirdi və sonradan həmin şəxslər bu adları dəyişdirmək üçün müraciət edirdilər. Son illər isə daha fərqli tendensiya müşahidə olunur. Belə ki, bəzi qadınlar və kişilər ailə qurduqdan sonra ad və ya soyadlarını həyat yoldaşının mənsub olduğu xalqa uyğunlaşdırmağa çalışırlar. Türk, fars və ya Avropa ölkələrindən olan şəxslərlə ailə quranların bu istiqamətdə müraciətlərinin sayı da artmaqdadır”.

Həmsöhbətimiz vurğulayıb ki, hər bir insanın ad, soyad və ata adı ilə bağlı seçiminə hörmətlə yanaşmaq lazımdır: 

“Xüsusilə soyad və ata adı insanın ailə köklərini və nəsil şəcərəsini əks etdirən mühüm elementlərdir. Ata adının dəyişdirilməsi nə hüquqi, nə də mənəvi baxımdan doğru yanaşma hesab oluna bilər. Ad və soyadların dəyişdirilməsi ilə bağlı qanunvericilikdə də müəyyən dəyişikliklər edilib. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahə üzrə xüsusi elektron məlumat bazası yaradılıb”.

Günel Cəlilova

0