Azərbaycanda heyvanların daşınması qaydaları yenilənir.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bundan sonra xaricdən ölkəyə gətirilən heyvanların daşınması yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Qeyd olunub ki, daşıma prosesində istifadə olunan avtomobillər isə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”ndə müəyyən edilmiş beynəlxalq standartlara uyğun olmalıdır. Bu ictimaiyyət arasında müzakirələrə səbəb olub.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, yeni qaydaların qüvvəyə minməsi heyvanların daşınması prosesində əlavə təşkilati və maliyyə tələbləri yarada bilər:

“Bunun bazarda məhsulların maya dəyərinə müəyyən təsiri istisna olunmur. Sahibkarların daşıma ilə bağlı çəkdiyi əlavə xərclər gələcəkdə satış qiymətlərində də öz əksini tapa bilər. Lakin bu təsirin hansı səviyyədə olacağı bazar şərtlərindən asılı olacaq”.
Ekspert onu da deyib ki, cəmiyyətdə bu məsələ ilə bağlı fərqli yanaşmalar da mövcuddur:
“Heyvanlar əvvəllər də xüsusi nəqliyyat olmadan daşınırdı və bununla bağlı ciddi problem yaşanmırdı”.
Günel Cəlilova


