Güclü küləyin vurduğu ziyanı kim qarşılayacaq? - AÇIQLAMA

20:35 / 04.04.2022
1704

Vaxtaşırı paytaxtda və Azərbaycanın digər ərazilərində əsən güclü küləklər müxtəlif fəsadlara səbəb olur. Hər dəfə belə hadisələr baş verdikdə dəyən ziyanın kim tərəfindən ödəniləcəyi barədə müzakirələr başlayır. Bu dəfə də istisna olmadı.

Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, bu gün qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 38 m/s, Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s-dək güclənib.

“Report” güclü külək nəticəsində dəymiş ziyanın sığorta şirkətləri tərəfindən hansı hallarda qarşılaya biləcəyini araşdırıb.

“Paşa Sığorta” şirkətindən bildirilib ki, onlara daxil olan ilkin sorğulara əsasən, güclü külək nəticəsində əsas zərəri avtomobillər görüb:

“Sığortalılar atılmış və ya düşmüş əşya nəticəsində avtomobilə zərər dəyməsi səbəbilə müraciət edir. Məsələn, bir müştərimiz güclü külək səbəbindən avtomobilin üzərinə zibil qutusunun düşməsi nəticəsində zərər görüb. Hazırda küləyin fəsadı ilə bağlı şirkətimizə avtomobil sığortası üzrə təxmini olaraq 6-7 müraciət daxil olub, daşınmaz əmlakın zərər görməsi ilə bağlı müraciət hələ ki, qeydə alınmayıb”.

“Atəşgah” sığorta şirkətindən isə gün ərzində hələ ki yalnız 3 KASKO (avtomobilin könüllü sığortası) hadisəsinin olduğu deyilib. Amma hadisələrin detalları, zərər və digər məlumatların növbəti günlərdə bəlli olacağı bildirilib.

“Azərsığorta” şirkətindən isə küləyin fəsadları ilə bağlı onlara iki müraciətin daxil olduğu deyilib. Müraciətlərdə dam örtüyünün uçması və avtomobillərin üzərinə daş parçasının düşməsi qeyd olunub. Lakin zərərçəkmişlərin KASKO sığortası olmadığı üçün həmin müraciətlərə imtina verilib.

Sığorta üzrə ekspert Pərviz Quliyev küləyin yarada biləcəyi fəsadlardan sığortalana biləcəyimizi deyir. O bildirir ki, bunun üçün belə hallar müqavilədə nəzərə alınmalıdır:

“Yəni müqavilədə sığortalana bilinən risklər əvvəlcədən yazılır. Əlbəttə ki, bu, qarşılıqlı qəbul olunmalıdır. Azərbaycanda külək elə bir səviyyədədir ki, bu katastrofik həcmdə itkilər yaratmır. Məsələn, sığorta şirkətləri zəlzələ kimi, digər başqa fundamental risklər kimi bundan imtina etməzlər. Ona görə külək müqavilədə sadəcə risk olaraq qeyd olunmalıdır. Təbii ki, onun nəticəsində dəymiş ziyanı sığorta şirkətindən almaq da əsasdır. Ziyan dəyən həm daşınmaz əmlak, həm də avtomobil ola bilər. Eyni zamanda, insanların özünə, sağlamlığına dəyən ziyan da ola bilər. Məsələn, külək nəticəsində hansısa bir əşyanın, cismin, insanların üzərinə düşməsi, xəsarət yetirməsi nəticəsində tibbi xərclər ortaya çıxır. Sadəcə, bu bədbəxt hadisə kimi də ola bilər. Yəni bədbəxt hadisədən sığorta növü də var.

Dediyim növlər üzrə sığortalanıb, onun əsasında dəymiş ziyanı sığorta şirkətindən almaq olar. Amma bu, küləyin qarşısını almaq demək deyil. Sığorta hansısa hadisənin qarşısını almır. Söhbət təbiət hadisələrindən gedir. Sığorta həmin risklərlə bağlı dəyə biləcək ziyanı minimuma endirə bilər. Məsələn, siz hesab edirsinizsə, külək ucbatından evinizin damı uça bilər, onu mütləq qaydada elə bir şəkildə bərkitməlisiz ki, o, küləyə davamlı olsun. Bununla bağlı müəyyən tədbirlər görüb, sığortalayaraq zərəri minimal səviyyə çatdırmaq olar”.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası da artıq küləyin verə biləcəyi fəsadlarla bağlı əhaliyə müraciət edib:

“Vətəndaş və sahibkarlıq subyektləri təbii fəlakətlər nəticəsində ortaya çıxacaq zərərlə üzləşməmək üçün xüsusilə risk qarşısında olan daşınmaz əmlaklarını icbari qaydada sığortalamalıdırlar. Üstəlik bu cür əmlakların sığortası hər bir mülk sahibi üçün məcburidir.

Bu sığorta növü ilə əmlak sahibi olan vətəndaş və sahibkarlar yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi hallarından sığortalana bilər”.

0