“Dünya bazarında “Brent” markalı neftin 1 bareli 99 dollara təklif olunur. Qiymətin yenə də yüksək olmasına baxmayaraq, iyul ayı hələlik neft bazarı üçün düşərli olmayıb. Belə ki, son 1 ayda neft 20 faizə yaxın dəyər itirib.
Doğrudur, mövcud qiymət də kifayət qədər yüksəkdir və enerji ölkələrinin valyuta gəlirlərinin artmasına imkan yaradır. Bununla belə, son tendensiya neft bazarında volatilliyin yüksək və istənilən zaman qiymətlərdə sıçrayışların olacağını istisna etmir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat paylaşıb.
Onun sözlərinə görə, neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır:
“Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1 faizdən 2,9 faizədək azaldılıb.
Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2,8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.
Bu arada dünyada COVID-19 virusuna yoluxma sayının artması da neftə olan tələbə təsir göstərməkdədir. Çində yaz qapanmalarından sonra yenidən bir sıra aparıcı ölkələrdə yenidən sərt karantinin tətbiqi gözləntisi artmaqdadır. Bu isə neft istehlakı yüksək olan ölkələrdə, xüsusən Çində yenidən qapanmalar olacağı halda enerji qiymətlərinə ciddi təsir edəcək”.
“Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir”, - deyə o əlavə edib.