Rusiya qırıcı təyyarələri uçuş zamanı arxalarında görünən tüstü izi saxlayır, halbuki müasir Amerika hərbi təyyarələrində bu xüsusiyyət demək olar ki, müşahidə olunmur.
HİT.az xəbər verir ki, "WION" nəşri bunun səbəblərini izah edib.
Məqalədə qeyd olunur ki, Rusiya qırıcılarının yaratdığı tüstü əsasən köhnə tip mühərriklərdə yanacağın natamam yanması ilə bağlıdır. Amerika təyyarələrində isə yanacağın daha səmərəli yanmasını təmin edən müasir püskürtmə sistemləri tətbiq olunur.
Köhnə mühərriklərin xüsusiyyəti
Nəşr xatırladır ki, "MiQ-29" kimi köhnə Rusiya qırıcıları iki ədəd "Klimov" RD-33 turboventilyator mühərriki ilə təchiz olunub. Döyüş manevrləri zamanı mühərrikin dayanmasının qarşısını almaq üçün bu qurğular yanma kamerasına daha zəngin yanacaq qarışığı ötürür.
Nəticədə kerosinin müəyyən hissəsi yanma kamerasında tam yanmır. Yanacağın oksigenlə tam qarışmaması və yüksək temperatur şəraiti artıq yanacaq-hava qarışığının termiki parçalanmasına səbəb olur.
Bu proses nəticəsində yanmamış kerosin bərk karbon hissəciklərinə çevrilir. Daha sonra mühərrik həmin hissəcikləri arxa çıxış dəliklərindən xaric edir və bu da qara tüstü şəklində görünür.
Amerika mühəndisləri problemi necə həll ediblər?
ABŞ tədricən tüstü izi buraxan təyyarələri istismardan çıxarıb. Amerika istehsalçıları, o cümlədən "Pratt & Whitney" şirkəti "F100" kimi mühərriklərdə hava axını ilə işləyən təkmilləşdirilmiş yanacaq forsunkalarından istifadə edib.
Bu texnologiya yanacağın daha xırda hissəciklər şəklində püskürməsinə imkan verir və onun demək olar ki, tam yanmasını təmin edir. Nəticədə mühərrik işləyərkən görünən tüstü əmələ gəlmir.
Tüstü texniki nasazlıq deyil
Məqalədə vurğulanır ki, görünən tüstü texniki xidmətin zəif olması ilə deyil, mühərrik konstruksiyasındakı aerodinamik və texniki kompromislərlə bağlıdır.
Rusiya konstruktor büroları sonrakı illərdə bu problemi qismən aradan qaldırmağa nail olublar. Məsələn, "RD-33MK" kimi yeni mühərrik modellərində təkmilləşdirilmiş yanma kameraları tətbiq edilib.
Buna baxmayaraq, köhnə nəsil təyyarələr hələ də uçuş zamanı özlərinə məxsus qara tüstü izlərini saxlamaqda davam edir.
Samir


