Trampın NATO-dan çıxmaq hədələrinə məhəl qoymamaq olarmı? - ŞƏRH

DÜNYA
18:40 / 25.06.2026
41

ABŞ Prezidenti Donald Trampın ölkəni NATO-dan çıxarmaqla bağlı hədələri əsasən siyasi ritorika kimi qiymətləndirilir, çünki onun bunu təkbaşına həyata keçirmək səlahiyyəti yoxdur. 

HİT.az xəbər verir ki, bu barədə "Fortune" nəşri analitiklərin rəylərinə istinadən yazır.

"Pimco" şirkətində dövlət siyasəti istiqamətinin rəhbəri Libbi Kentrillin sözlərinə görə, Trampın ABŞ-ni NATO-dan çıxarmaq barədə bəyanatlarının reallaşması ehtimalı çox aşağıdır. O xatırladıb ki, 2024-cü ildə ABŞ Konqresi prezidentin Senatın əksəriyyətinin dəstəyi olmadan və ya qanunvericilikdə dəyişiklik edilmədən alyansı tərk etməsini qadağan edən qanun qəbul edib.

Ekspert qeyd edib ki, ABŞ-nin NATO üzvlüyü Konqresdə hələ də geniş dəstəyə malikdir.

“Prezident Tramp NATO-nu ‘kağız pələng’ adlandırmağı xoşlayır. Lakin demək olar ki, əsl ‘kağız pələng’ ABŞ-nin NATO-dan çıxacağı ilə bağlı hədədir”, deyə Libbi Kentrill bildirib.

Donald Tramp müxtəlif çıxışlarında dəfələrlə ABŞ-nin NATO-dan çıxması ehtimalını gündəmə gətirib. Xüsusilə Avropadakı müttəfiqlərin ABŞ və İsrailin İrana qarşı kampaniyasına qoşulmaqdan imtina etməsindən sonra bu mövzu yenidən aktuallaşıb.

Aprel ayında Tramp bildirib ki, NATO ölkələrini İrana qarşı əməliyyata qoşulmağa çağırması sadəcə alyans üçün bir “sınaq” olub. O vurğulayıb ki, müttəfiqlərin iştirakına ehtiyacı olmayıb və onların imtinasından sonra heç kimi razı salmağa çalışmayıb.

Eyni zamanda Tramp NATO-nu “kağız pələng” adlandıraraq alyansın real gücə malik olmadığını və Rusiya Prezidenti Vladimir Putinin ondan qorxmadığını iddia edib.

Samir

0