Şəhər həyatı üçün 7 it cinsi: Sahibini qoruyur və mənzildə rahat yaşayır

MARAQLI
23:51 / 25.06.2026
46

Baytar həkimlər "Parade Pets" nəşrinə şəhərdə yaşayan insanlar üçün ən uyğun it cinsləri barədə danışıblar.

HİT.az xəbər verir ki, baytar Emi Vornerin sözlərinə görə, ideal şəhər mühafizəçisi ən qorxuducu görünən deyil, ən sabit xarakterə malik olan itdir. Belə it təhlükəni hiss edir, xəbərdarlıq edir, lakin hər tramvay səsinə və ya qonşunun pişiyinə görə təşvişə düşmür.

Onun həmkarı Şeril Bonk əlavə edir ki, it küçədə çoxlu insan və heyvan arasında özünü rahat hiss etməlidir. Əks halda şəhər həyatı həm sahibi, həm də heyvan üçün stressə çevrilə bilər.

Siyahıya daxil edilən it cinsləri:

Buvye de Flandr

İri ölçülü olmasına baxmayaraq, ev şəraitində sakit və təmkinli davranır. Parkda enerjili şəkildə qaçmağı sevir, lakin evdə sakitcə sahibinin yanında uzanır. Suya davamlı tük örtüyü sayəsində istənilən hava şəraitində gəzintiyə çıxarıla bilər.

Boston teryeri

Kiçik ölçülü olsa da, diqqətli və ayıqdır. Görünüşü ilə qorxu yaratmasa da, hər hansı problem yarandıqda dərhal xəbərdarlıq edir.

Doberman pinçer

Kənardan sərt və ciddi görünsə də, ailə üzvlərinə qarşı olduqca mehribandır. Fiziki aktivliyə və zehni məşğələlərə ehtiyac duyur. Düzgün təlim keçdikdə şəhər həyatı üçün ideal yoldaşa çevrilir.

Miniatür şnauzer

Kiçik ölçülü, lakin effektiv mühafizəçi hesab olunur. Məntiq və diqqət tələb edən oyuncaqları, həmçinin aktiv oyunları sevir.

Emi Vorner bu cinsi belə xarakterizə edir:

“Ağıllı və təbii olaraq ayıqdır.”

Alman çoban iti

Mühafizə itləri arasında klassik seçimlərdən biridir. Şeril Bonkun sözlərinə görə:

“Bu itin fiziki görünüşü və hürməsi demək olar ki, hər cür təhlükəni neytrallaşdırmağa kifayət edir.”

Lakin bu cins müntəzəm sosiallaşmaya və davamlı təlimə ehtiyac duyur.

Staffordşir bulteryeri

Kompakt ölçülü, əzələli quruluşa malik və inamlı görünüşlü itdir. Kiçik yaşayış sahələrində rahat uyğunlaşır, lakin ciddi qaydalara və kifayət qədər fiziki aktivliyə ehtiyac duyur.

Volpino Italiano

Kiçik və tüklü görünüşü ilə qorxuducu təsir bağışlamasa da, ətrafda baş verən dəyişikliklərə qarşı son dərəcə həssasdır. Hər hansı qeyri-adi vəziyyəti dərhal hiss edir və xəbər verir.

Samir
 

0