Niyə təyyarə sərnişinlərinə paraşüt verilmir? - Cavab sizi təəccübləndirə bilər

DÜNYA
21:55 / 25.06.2026
44

Paraşütlər aviasiyada uzun illərdir istifadə olunsa və hələ XX əsrin əvvəllərindən pilotların həyatını xilas etsə də, kommersiya aviareyslərində sərnişinlərə paraşüt verilmir. Mütəxəssislərin fikrincə, ilk baxışda məntiqli görünən bu ideya real uçuş şəraitində praktiki olaraq tətbiq edilə bilməz.

HİT.az xəbər verir ki, "Slash Gear" nəşrinin yazdığına görə, təyyarələrdə təhlükəsizlik təlimatı zamanı sərnişinlərə qəza çıxışları, oksigen maskaları və xilasedici jiletlər barədə məlumat verilsə də, paraşütlərdən ümumiyyətlə bəhs edilmir.

Əsas problem uçuş şəraitidir

Kommersiya təyyarələri adətən 10-12 kilometr yüksəklikdə uçur. Bu hündürlükdə temperatur mənfi 50 dərəcəyə qədər enə bilər və xüsusi oksigen sistemi olmadan nəfəs almaq mümkün deyil.

Bundan əlavə, təyyarələrin sürəti saatda yüzlərlə kilometr təşkil edir. Belə şəraitdə xüsusi hazırlıq keçməyən insanların təyyarədən tullanması demək olar ki, mümkünsüzdür.

Materialda qeyd olunur:

"Mənfi 50 dərəcə temperaturda və saatda təxminən 800 kilometr sürətlə hərəkət edən hava axınına hazırlıqsız yüzlərlə sərnişinin tullanması yaxşı nəticələnəcək ssenari deyil".

Təyyarədə qalmaq daha təhlükəsizdir

Mütəxəssislər 1982-ci ildə baş vermiş məşhur hadisəni nümunə göstərirlər. Həmin il "British Airways" şirkətinə məxsus "Boeing 747-200" təyyarəsi vulkan külü buluduna daxil olmuş və bütün mühərriklərini itirmişdi.

Təyyarə sürətlə hündürlük itirsə də, ekipaj mühərrikləri yenidən işə salmağa nail olmuş və fövqəladə eniş həyata keçirmişdi.

Ekspertlər bildirirlər ki, əgər sərnişinlər həmin vaxt paraşütlə təyyarəni tərk etməyə çalışsaydılar, nəticədə daha çox insan həyatını itirə bilərdi.

“Ənənəvi sərnişin təyyarəsindən insanların kütləvi şəkildə paraşütlə tullanmasının real və effektiv həll hesab edilə biləcəyi heç bir vəziyyət yoxdur”, deyə izahda vurğulanır.

Paraşütlər niyə standart avadanlıq deyil?

Təyyarə paraşütlə tullanmaq üçün uyğun hündürlükdə olsa belə, yüzlərlə sərnişinin qısa müddətdə təhlükəsiz şəkildə təyyarəni tərk etməsini təşkil etmək son dərəcə çətindir.

Digər mühüm amil isə sərnişinlərin əksəriyyətinin paraşütlə tullanmaq üzrə heç bir hazırlığa malik olmamasıdır.

Mütəxəssislər qeyd edirlər ki, müasir aviasiya artıq dünyanın ən təhlükəsiz nəqliyyat növlərindən biridir. Təyyarələrə paraşütlərin əlavə olunması təhlükəsizliyi artırmaq əvəzinə yeni risklər yarada bilər.

Bəzi kiçik özəl təyyarələrdə bütün hava gəmisini xilas etmək üçün xüsusi paraşüt sistemləri tətbiq olunur. Lakin onların çəkisi, yüksək qiyməti və məhdud effektivliyi səbəbindən bu texnologiya kommersiya aviasiyasında istifadə edilmir.

Samir
 

0