Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub

İQTİSADİYYAT
10:36 / 23.11.2024
306

Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabino arasında keçirilən görüşdə müzakirə edilib.

Görüşdə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) tədbirində turizm mövzusuna xüsusi günün həsr olunması, burada səsləndirilən təşəbbüslərin davamlılığının COP30 tədbirində də saxlanılması, həmçinin bu istiqamətdə birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin turizm üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Dövlət Turizm Agentliyinin inzibati binasının önündə Agentlik sədri Fuad Nağıyev və Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabino nar ağacı əkiblər.

Fuad Nağıyev Selso Sabinoya öz ölkəsində əkməsi üçün simvolik olaraq nar ağacı hədiyyə edib ki, COP29-da turizm sahəsində əldə edilmiş razılaşmalar, COP30-un evsahibi kimi Brazilyada da davam etdirilsin və bununla da turizm və iqlim mövzularının COP-un davamlı olaraq gündəliyinə salınması təmin edilmiş olsun.

0