Azərbaycana ikinci əl geyim axını: 26 ölkədən 620 ton məhsul

İQTİSADİYYAT
17:12 / 20.11.2026
44

2026-cı ilin ilk doqquz ayında Azərbaycana xaricdən 2 milyon 101 min dollar dəyərində 620 ton işlənmiş geyim və digər əşyalar gətirilib.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 26 ölkədən gətirilən malların böyük hissəsi Almaniya, Niderland və Belçikanın payına düşüb.

Ən çox məhsul Almaniyadan gətirilib. Bu ölkədən 656 min dollarlıq 202 ton işlənmiş geyim və digər əşyalar alınıb.

Niderlanddan 700 min dollar dəyərində 182 ton məhsullar idxal olunub. Belçikadan isə 421 min dollar dəyərində 116 ton mal gətirilib.

Digər ölkələrdən də işlənmiş geyim və əşyalar alınıb. Türkiyədən 41, Çindən 25 ton, Rusiyadan 23 ton, Böyük Britaniyadan isə 14 tona qədər məhsul alınıb.

Maraqlıdır ki, qiymətlər arasında ciddi fərq var. Məsələn, Türkiyədən gətirilən malların bir kiloqramının orta qiyməti 1.32 dollar olduğu halda, İsveçrədən alınan məhsullarda bu göstərici 13.85 dollara çatıb.

Ümumilikdə, Azərbaycana gətirilən işlənmiş geyim və digər əşyaların bir kiloqramının orta idxal qiyməti 3.39 dollar olub.

Azərbaycan xaricə də işlənmiş geyim və digər əşyalar satıb. Belə ki, doqquz ay ərzində 43 ölkəyə ümumilikdə 184 ton məhsul göndərilib. Bu ixracdan əldə olunan ümumi məbləğ 97 min 530 dollar təşkil edib.

Ən çox məhsul Pakistana göndərilib. Bu ölkəyə 37 min 570 dollar dəyərində təxminən 150 ton işlənmiş geyim və digər əşyalar ixrac olunub. Bu isə Azərbaycanın həmin məhsullar üzrə ümumi ixracının 81 faizi deməkdir.

Pakistana göndərilən məhsulların bir kiloqramının orta qiyməti cəmi 25 sent olub.

Azərbaycan Belçika, Böyük Britaniya, ABŞ, Rusiya, İspaniya, Özbəkistan və Qazaxıstana da bu kateqoriyadan olan məhsullar ixrac edib. Xaric olunan ölkələr arasında Avstraliya, Kanada, Yaponiya, Mavrikiya, hətta Karib hövzəsində yerləşən Trinidad və Tobaqo da var.

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycana gətirilən bu məhsulların bir kiloqramının orta qiyməti 3.39 dollar, ölkədən ixrac olunanların isə 53 sent olub. Yəni, gətirilən məhsulların orta qiyməti ixrac edilənlərdən təxminən 6.4 dəfə yüksəkdir.

Lakin bu, Azərbaycanın eyni malları baha alıb ucuz satması demək deyil. Çünki idxal və ixrac olunan məhsulların növü, keyfiyyəti və vəziyyəti fərqli ola bilər.

Qeyd edək ki, rəsmi statistikada bu məhsullar "İstifadə edilmiş geyim və digər məmulatlar" adı altında göstərilir. Yəni, rəqəmlərə təkcə işlənmiş paltarlar deyil, bu kateqoriyaya daxil olan digər əşyalar da aiddir.

 

0