Dünya bazarında kofe qiymətləri artmağa davam edir.
Artıq neçə aydır ki, sözügedən məhsulun qiyməti mütəmadi şəkildə bahalaşır. Son zamanlarda kofelərin qiymət artımı dünya miqyasında hiss olunur. Hətta dünyada kofe qiymətləri son 47 ilin ən yüksək səviyyəsinə çatıb.
Maraqlıdır, aylardır davam edən bu artıma səbəb nədir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlama verib. O bildirib ki, kofe qiymətlərinin bahalaşmasına əsas səbəb iqlim dəyişikliyidir:
"Çünki iqlim dəyişikliyi kofe plantasiyalarına ciddi təsir edib. Nəzərə almaq lazımdır ki, kofe plantasiyaları iqlim dəyişikliklərinə qarşı çox həssasdır. Bu isə ümumi həcmdə kofe satışında müəyyən problemlər yaradıb. Tələb isə əvvəlki qədər qalıb. Onun artması və ya azalması müşahidə olunmayıb".
Mütəxəssis kofenin bahalaşmasına təsir edən digər səbəblərdən də bəhs edib:
"Məsələn, Kolumbiya dünyanın əsas kofe istehsalçılarından biridir. Lakin ABŞ-nin Kolumbiyaya yeni tariflər qoyması və yaranan qeyri-müəyyənliklər bu sahədə olan fəaliyyəti də bir qədər cilovlayır. Təbii ki, bu da kofe qiymətlərinin qalxmasına səbəb olur. Həmçinin, marjinal səbəb də var. O isə kofenin istehsalına çəkilən xərclərin artmasıdır. Maya dəyərinin bahalaşması sonda qlobal kofe bazarında qiymətə təsir edir".
Pərviz