Qışda başını qara soxaraq ov edir – Bu yırtıcı heyvan hansıdır?

DÜNYA
12:12 / 04.10.2026
48

Arktikanın sərt iqlimində yaşayan bəzi heyvanlar ekstremal soyuqlara qeyri-adi xüsusiyyətləri sayəsində uyğunlaşıblar. Onlardan biri də qarlı ərazilərdə ov edərkən başı ilə qarın altına dalan arktik tülküdür.

HİT.az xəbər verir ki, arktik tülkü Şimal yarımkürəsinin soyuq bölgələrində, tundrada və bəzi adaların sahillərində yaşayır. Çəkisi təxminən 3-4 kiloqram olan bu yırtıcının bədən uzunluğu 50-75 santimetr, quyruğu isə 25-42 santimetrə çatır.

Arktik tülkünün ən mühüm xüsusiyyətlərindən biri mövsümə uyğun dəyişən qalın kürküdür. Əksər fərdlərdə yayda qəhvəyi və ya boz rəngdə olan tüklər qışda ağ rəngə çevrilir. Bu, heyvanın qarla örtülü ərazilərdə daha asan gizlənməsinə imkan verir. İslandiyada isə populyasiyanın böyük hissəsini təşkil edən fərdlərdə qış aylarında maviyə çalan qəhvəyi rəngli kürk müşahidə olunur.

Bu heyvanın pəncələri də soyuq şəraitə uyğunlaşıb. Arktik tülkülər pəncə yastıqcıqlarının üzərində belə tüklərə malik olan nadir itkimilərdən sayılır. Yatarkən isə istiliyini qorumaq üçün bədənini yumru halında bükür və tüklü quyruğunu yorğan kimi üzərinə çəkir.

Arktik tülkülər əsasən leminqlərlə qidalanır. Ov zamanı maraqlı üsuldan istifadə edirlər: yüksəkliyə tullanaraq başları ilə qarın içinə dalır və qar altında gizlənən ovlarını tutmağa çalışırlar.

İslandiyada onların qidasına ölü heyvan qalıqları, dəniz quşları, çöl siçanları və giləmeyvələr də daxildir. Payız aylarında isə şikşa kimi tanınan giləmeyvə ilə qidalanır və qış üçün ehtiyat yaradırlar.

Arktik tülkülərin cütləşmə dövrü fevral-may aylarına təsadüf edir. Dişilər 51-54 günlük hamiləlikdən sonra aprel-iyul aylarında bala verir və bir doğuşda 15-ə qədər bala dünyaya gətirə bilər.

Samir

0