Yırtıcısız adada 5 il: Heyvanların başına gözlənilməz hadisələr gəldi

DÜNYA
16:49 / 04.10.2026
47

Keniyada yırtıcı heyvanların olmadığı kiçik bir adada beş ildən artıqdır təcrid vəziyyətində yaşayan vəhşi heyvanlar gözlənilməz problemlərlə üzləşib.

HİT.az xəbər verir ki, söhbət Nayvaşa gölündə yerləşən Krescent-Aylend adasından gedir. Ərazi əvvəllər suyun səviyyəsindən asılı olaraq bəzən yarımadaya çevrilib və heyvanlar quru körpüsü vasitəsilə materikə keçə biliblər.

Lakin 2020-ci ildə göldə suyun səviyyəsi kəskin yüksəlib və adanı materiklə birləşdirən quru sahəsi su altında qalıb. Bundan sonra heyvanların böyük hissəsi adada faktiki olaraq tələyə düşüb.

Beş il sonra tədqiqatçılar adaya gələrək uzunmüddətli təcridin nəticələrini araşdırıblar. Burada impalalar, su keçiləri, zebralar, dikdiklər, antiloplar, dovşanlar, zürafələr və begemotlar yaşayır. Adada tülkülər və çaqqallar olsa da, onların iri ot yeyən heyvanlar üçün ciddi təhlükə yaratmadığı bildirilir.

Lakin yırtıcıların olmaması heyvanlar üçün tamamilə əlverişli vəziyyət yaratmayıb. Tədqiqatçıların fikrincə, onların uzun müddət nəzarətsiz şəkildə çoxalması və otlaması adadakı bitki örtüyünə ciddi təzyiq göstərib.

Bitkilər heyvanların intensiv otarılmasından sonra əvvəlki sürətlə bərpa ola bilmir. Nəticədə bitki örtüyünün zəiflədiyi və heyvanların əlavə yemlə təmin olunmasından asılılığının artdığı müşahidə edilib. Alimlər bu prosesin davam edəcəyi təqdirdə bitki müxtəlifliyinin azalmasının bütün ekosistemə təsir göstərə biləcəyini bildirirlər.

Adada xəstəlik halları da qeydə alınıb. Ceyranlarda səbəbi dəqiq müəyyənləşdirilməyən xəstəlik müşahidə olunub. Bir heyvanın yarılması zamanı ağciyər və qaraciyərdə bakterial infeksiyaya uyğun zədələnmələr aşkarlansa da, xəstəliyin səbəbini təsdiqləyən əlavə testlər aparılmayıb.

Mütəxəssislər vəziyyətə nəzarət üçün heyvan və bitki populyasiyalarının davamlı izlənilməsini, bitki örtüyünün bərpasını və bəzi ərazilərə heyvanların girişinin müvəqqəti məhdudlaşdırılmasını təklif edirlər. Bununla yanaşı, materiklə daimi əlaqənin bərpası və ya adaya iri yırtıcıların gətirilməsinin də ekosistem üçün müəyyən risklər yarada biləcəyi vurğulanır.

Samir

0