Ukraynada kadr çatışmazlığı daha da kəskinləşir və şirkətlərin əksəriyyəti vəziyyətin yaxın gələcəkdə pisləşəcəyini gözləyir. Bununla belə, biznes nümayəndələrinin xarici işçilərin işə götürülməsinə marağı hələ də aşağı səviyyədə qalır.
HİT.az xəbər verir ki, "OLX Robota" platformasının araşdırmasına əsasən, 2026-cı ildə işəgötürənlərin 78 faizi işçi çatışmazlığı ilə üzləşdiklərini bildirib. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ildə bu göstərici 60 faiz idi.
Sorğuya əsasən, işəgötürənlərin 68 faizi hesab edir ki, növbəti bir il ərzində kadr çatışmazlığı daha da dərinləşəcək. Cəmi 10 faiz isə problemin tədricən aradan qalxacağını düşünür.
Kadr böhranının güclənməsinə baxmayaraq, Ukrayna şirkətlərinin əksəriyyəti problemi xarici işçilərin cəlb edilməsi ilə həll etməyi planlaşdırmır.
Sorğuda iştirak edən şirkətlərin yalnız 8 faizi kadr çatışmazlığı daha da ağırlaşacağı halda xarici vətəndaşları işə götürməyi nəzərdən keçirəcəyini bildirib. Ötən il bu göstərici 13 faiz təşkil edirdi.
Araşdırmaya görə, işəgötürənlərin 51 faizi xarici işçilərin işə qəbulunda ən böyük maneə kimi dil baryerini göstərib. Halbuki 2025-ci ildə bu göstərici 27 faiz idi.
Respondentlərin 42 faizi isə fəaliyyət göstərdikləri sahədə hazırda xarici işçi qüvvəsinə ehtiyac olmadığını düşünür.
Digər əsas maneələr bunlardır:
* 32 faiz – qanunvericilik prosedurlarının mürəkkəbliyi (iş icazələri, qeydiyyat və vizalar);
* 28 faiz – xarici işçilərlə işləmək təcrübəsinin olmaması;
* 28 faiz – mədəni və təşkilati fərqlər;
* 19 faiz – kollektiv və ya rəhbərlik tərəfindən daxili hazırlığın olmaması;
* 14 faiz – uyğun namizədlərin haradan tapılacağını bilməmələri.
Analitiklər qeyd edirlər ki, ötən illə müqayisədə işəgötürənlər daha çox praktiki inteqrasiya problemlərinə, xüsusilə dil uyğunlaşması, hüquqi prosedurlar və mədəni fərqlərə diqqət yetirirlər.
Sorğuya əsasən, respondentlərin 36 faizi işəgötürənlər üçün vergi güzəştlərinin və ya maliyyə stimullarının tətbiqini xarici işçilərin işə qəbulunu təşviq edəcək əsas amil hesab edir.
Eyni sayda respondent bildirib ki, Ukraynada kadr çatışmazlığı daha da artacağı təqdirdə xarici işçi qüvvəsinin cəlb olunmasına daha ciddi yanaşacaqlar.
İşəgötürənlərin 29 faizi xarici namizədlərin peşə ixtisası və sertifikatlarının etibarlı şəkildə təsdiqlənməsini vacib sayır.
Sorğuda iştirak edənlərin təxminən dörddə biri işə qəbul prosedurlarının sadələşdirilməsinin tərəfdarıdır. Daha 22 faiz isə xarici işçilərin seçilməsi üzrə ixtisaslaşmış proqramların yaradılmasının və uğurlu şirkət nümunələrinin təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.
Analitiklərin fikrincə, bu nəticələr göstərir ki, bir çox işəgötürən üçün əsas məsələ xarici işçilərin işə götürülməsinin özü deyil, onların cəlb olunması üçün aydın, təhlükəsiz və effektiv mexanizmlərin yaradılmasıdır.
Samir


