“Dünyada güc sektorlarının yenidən formalaşması prosesində heç kəsin gözləmədiyi yerdəyişmələr baş verir. Bu isə bəzi analitiklərdə məsələyə skeptik yanaşmalar doğurur”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hətta yaxın zamanda Türkiyədə keçirilən NATO-nun 36-cı Liderlər Zirvəsi toplantısı ərəfəsində bu təhlükəsizlik təşkilatının parçalanması haqda müxtəlif versiyalar səsləndirilirdi:
“Bu hipotezlər nə qədər baş verən hadisələrdən irəli gəlsə də həqiqətdən kənardır. Niyə? Birincisi, qəbul etməliyik ki, siyasi cəbhələşmə yolunda formalaşan yeni dünya düzəni ilə yanaşı təhlükəsizlik sahəsində də eyni proses gedir.
Siyasi cəbhə dəyişirsə, təhlükəsizlik qrupunun da dəyişməsi tamamilə məntiqidir. Bu mənada, ABŞ Prezidenti Donald Trampın ölkəsinin NATO-dan çıxmasına eyham vuran bəyanatları anlayışla qarşılanmalıdır”.
Ekspert qeyd edib ki, Trampın əsas məqsədi Amerikanı iqtisadi cəhətdən gücləndirməkdir:
“Bunun üçün isə görülən tədbirlərdən biri də “artıq” sayılan xərclərdən yaxa qurtarmaqdır. Trampın fikrincə, ABŞ-nin Avropanın təhlükəsizliyinə himayədarlıq etməsi daha yetər. Necə ki, bir neçə il əvvəl Böyük Britaniya Avropa İttifaqının büdcəsinə daha çox vəsait ödəməkdən imtina edərək “brexit” prosesi ilə bu ittifaqdan çıxmışdı, eləcə də ABŞ rəhbərliyi NATO-da iştirakı özü üçün artıq iş sayır və bu təşkilatdan uzaqlaşmağı hədəfləyir”.
Novruz Novruzovun sözlərinə görə, bu prosesi parçalanma kimi xarakterizə etmək olmaz:
“Çünki NATO sanballı dövlətlərin təşkilatıdır. Bir dövlətin ondan ayrılması ilə təşkilatın parçalanması söhbəti absurd bir məntiqdir. Digər tərəfdən, dünyanın ən güclü ordusuna sahib olan ABŞ-nin NATO-dan çıxması bəlkə də Avropa dövlətlərinin təhlükəsizlik sahəsində indiyədək buraxdıqları səhvlərin aradan qaldırılmasına təkan verəcək. Ona görə ki, Aİ-nin vəsait sarıdan “korluğu” yoxdur.
Əsas məsələ odur ki, əldə olan vəsaitdən səmərəli istifadə edə bilsin. Yeri gəlmişkən, NATO-nun əsas döyüşkən qüvvəsi olan Türkiyə ordusu öz təcrübəsini təşkilatın digər üzvləri ilə bölüşməyə hazırdır. Deməli, NATO haqqında bu gün “parçalanmağa doğru yox, əksinə təkmilləşməyə doğru gedir” desək, daha dəqiq fikir ifadə etmiş olarıq”.
Elmir Mustafa


