Gənclər nə üçün sosial şəbəkələrdə tanınmağa çalışırlar?

SOSİAL
12:25 / 17.07.2026
237

“Yeniyetməlik və gənclik dövrü insanın şəxsiyyətinin formalaşdığı mühüm bir zamandır”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu mərhələdə gənclər və yeniyetmələr cəmiyyət daxilində “mən kiməm?” və “cəmiyyətdə necə görünürəm?” suallarına cavab tapmağa çalışırlar: 


“Məhz bu suallara cavab axtardıqları dövrdə sosial şəbəkələrdə tanınmaq istəyi çox vaxt sadəcə məşhur olmaq arzusundan deyil, həm də qəbul olunmaq və dəyərli hiss edilmək ehtiyacından qaynaqlanır. Bu prosesin arxasında duran əsas psixoloji səbəbləri bir neçə mühüm istiqamətdə qruplaşdırmaq olar. 

Birincisi, şəxsiyyət axtarışıdır. Yəni yeniyetmə öz rollarını müxtəlif sahələrdə sınayır. Sosial media bu fərqli rolların sınanması üçün ən asan və əlçatan platformaya çevrilir. Gənclər istər-istəməz özlərini burada da sınayırlar: “Görəsən, sosial şəbəkə daxilində məşhurlaşsam necə olar və nələr baş verər?”. Bu platformalar onlara öz şəxsiyyətlərini kəşf etmək üçün bir növ təcrübə sahəsi rolunu oynayır”.

Ekspertin sözlərinə görə, ikinci istiqamət isə təsdiq olunma ehtiyacıdır:
“Sosial şəbəkələrdə yazılan yaxşı rəylər, izləyici sayının artması və bəyənmələr gənclər üçün cəmiyyət tərəfindən qəbul olunma göstəricisinə çevrilir. Beyin bu bəyənmələri, şərhləri və izləyiciləri kiçik bir mükafat kimi qəbul edir. Nəticədə dofamin hormonu ifraz olunur və insan həmin xoş hissi yenidən yaşamaq istəyir. Beləliklə, bəyənmələrə, şərhlərə və sosial şəbəkədəki müsbət reaksiyalara qarşı daimi bir ehtiyac yaranır.

Üçüncüsü isə müqayisə mədəniyyətidir. İnsanlar sosial şəbəkələrdə bir qayda olaraq həyatlarının ən uğurlu və parlaq anlarını paylaşırlar. Hazırkı dövrün gəncləri və yeniyetmələri də bu uğurlu həyatları görərək böyüyürlər. Bu müqayisə mühitində onlar da belə düşünməyə başlayırlar: “mən də bu platformaya daxil olmalıyam, tanınmalıyam və həyatımın uğurlu mərhələlərini göstərib, dəyərli hiss etməliyəm”. Bu, gənclərdə “onlar edirsə, mən niyə etməməliyəm?” düşüncəsini və müqayisə vərdişini formalaşdırır”.

Psixoloq qeyd edib ki, gənclərdə tanınmaq və fərqlənmək istəyi də olur:
“Bu yaş dövründə dostlar və sosial çevrə arasında fərqlənmək, seçilmək istəyi çox güclü olur. Tanınmaq bəzən müəyyən bir qrupa aid olmaq, diqqət mərkəzində durmaq və unudulmamaq ehtiyacını qarşılayır. Gənclər öz dostları arasında “mən tanınıram, paylaşımlarım bəyənilir, şərhlərim və izləyicilərim var” deyərək xüsusi bir status qazanmağa çalışırlar. Hazırkı dövrdə rəylər, şərhlər, bəyənmələr və baxış sayı gənclərin diqqət mərkəzində qalması üçün əsas vasitəyə çevrilib.

Bundan başqa, sosial şəbəkələr bəzən gəlir mənbəyi rolunu da oynayır. Bəzi gənclər sosial platformaları həm də bir dolanışıq və gəlir mənbəyi kimi görürlər. Onlar düşünürlər ki, profillərini böyüdərək bunu bir biznesə çevirə və maddi qazanc əldə edə bilərlər. Son zamanlar sosial şəbəkələrdən böyük gəlirlər əldə edən insanların nümunələri də gəncləri bu sahəyə stimullaşdırır və bu tərəfdən baxmağa sövq edir”.

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, burada ən təhlükəli məqam insanın öz şəxsi dəyərini yalnız izləyici sayı və bəyənmələrlə ölçməyə başlamasıdır:
“Biz öz dəyərimizi rəqəmlərlə və bəyənilmə sayı ilə ölçməməliyik. Çünki diqqəti yalnız onlara yönəltsək, zamanla özünəinamın zəifləməsi və daimi müqayisə aparmaq kimi zərərli vərdişlər qaçılmaz olacaq. Valideynlər və müəllimlər gənclərə mütləq başa salmalıdırlar ki, sosial şəbəkələrdə görünmək başqa, real həyatda dəyərli olmaq tamamilə başqa bir anlayışdır. Bunlar fərqli situasiyalardır və onları bir-birinə qarışdırmaq olmaz.

Bir uşağın öz bacarıqları, real həyatda qazandığı uğurları və maraqları ətrafındakı sevdikləri tərəfindən qiymətləndirildikcə, onun virtual təsdiqə olan ehtiyacı da get-gedə azalır. Maraqları və real həyatda qazandığı uğurları qiymətləndirdikcə, virtual təsdiqə olan ehtiyac da istər-istəməz azala bilir. Yəni insanların dəyəri onun neçə nəfər tərəfindən izlənməsi ilə yox, necə bir insan olması ilə ölçülür”.

Pərviz

0